Boks yığmamıza əcnəbi məşqçi gətirilir
04.09.2009 - 16:36
Boks yığmamıza əcnəbi məşqçi gətirilir
Gənclər və İdman Nazirliyi cari ilin arxada qalan hissəsi ilə bağlı hesabat verib. Apasport.az saytının məlumatına görə, bu gün qurumun inzibati binasında keçirilən tədbirdə nazir Azad Rəhimov arxada qalan dövrün dəyərləndirib.

“Bədən tərbiyəsi haqqında” qanunun məhz bu dövrdə qəbul edilməsini vurğulayan Rəhimov bununla bağlı bir sıra işlərin görülməli olduğunu bildirib. Onun sözlərinə görə, federasiyaların akkreditasiya olunması, klubların qeydiyyatdan keçməsi kimi bir sıra işləri tənzimləmək üçün bəzi qurumlar yaradılmalıdır.

Sonradan sırf idman arenalarında baş verənlərə toxunan nazir uğursuzluqların da olduğunu etiraf edib: “İdmanda uğurlarımız kimi, uğursuzluqlarımız da olub. Milanda keçirilən boks üzrə dünya çempionatı da uğursuzluqlardan sayılır. Federasiya rəhbərliyi ilə görüşüb Milandakı zəif çıxışı təhlil edəcəyik. Bu idman növü üzrə yığmaya əcnəbi mütəxəssisin dəvət olunması da istisna deyil. Gənclər gedib uğur qazanır, əsas komanda isə bunu bacarmır”.

Rəhimov 2009-cu ilin keçilən hissəsi ərzində əldə olunan uğurlardan da söz açıb: “Atletika üzrə dünya çempionatında Ramil Quliyev finala çıxdı. Bu yüksək nəticədir. İnanıram ki, Ramil gələcəkdə daha yaxşı nəticələr göstərəcək”.
0