Aleksan Avetisyan: Azərbaycan cüdoçuları Ermənistanda qızıl medal qazanmağa qadirdir
10.09.2009 - 12:44
Aleksan Avetisyan: Azərbaycan cüdoçuları Ermənistanda qızıl medal qazanmağa qadirdir
“Sentyabrın 11-də Ermənistanın paytaxtı İrəvanda start götürəcək cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan milli komandası qızıl medal qazanmaq üçün yaxşı şansa malikdir”. Lent.az-ın məlumatına görə, bu haqda Ermənistan Cüdo Federasiyasının prezidenti Aleksan Avetisyan “Azadlıq” radiosunun Ermənistan xidmətinə açıqlamasında bildirib.

Onun fikrincə, ölkəmizin kifayət qədər güclü cüdoçuları var. Avetisyan cüdoçumuz Elnur Məmmədlinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazandığını xatırladıb: “Azərbaycan cüdoçusunun olimpiadada qazandığı qızıl medalı bir çox ölkə yalnız arzulaya bilər”.

Qeyd edək ki, qitə birinciliyində ölkəmizi 5 cüdoçu - İlqar Muşkiyev (55 kq), Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq), Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq) təmsil edəcək.
0