Bayrağımız İrəvanda dördüncü dəfə dalğalandı! - YENİLƏNİB
12.09.2009 - 16:44
Bayrağımız İrəvanda dördüncü dəfə dalğalandı! - YENİLƏNİB
Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında Azərbaycanın gənc cüdoçulardan ibarət yığmasının daha bir üzvü tatamiyə çıxıb. Apasport.az saytının məlumatına görə, bu gün qüvvəsini sınayan yeganə həmyerlimiz Ramin Qurbanovun (81 kq) debütü uğurlu olub.

O, 1/8 finalda britaniyalı Stüart Kreyqi məğlub edib. Həmvətənimiz növbəti görüşünü gürcüstanlı Avtandil Tçrikişviliyə qarşı keçirib. Təəssüf ki, bu dəfə Ramin rəqibinə qalib gəlməyib. İki dəfə vazari fəndinə düşən Qurbanov məğlubiyyətlə barışıb. Bu isə o deməkdir ki, cüdoçumuz ən yaxşı halda bürünc medal qazanacaq. O, təsəlliverici mərhələdə iki qələbə qazanacağı təqdirdə, 3-cü yeri tutacaq.

Öncə Yakub Kubyeneçlə (Polşa) üz-üzə gələn Ramin 1 dəqiqə 22 saniyə ərzində onu ippon fəndinə salıb. İndi bürünc medala cəmi bir addım qalıb. Həmvətənimiz axırıncı görüşdə ukraynalı Oleksandr Derkaçı məğlub etməlidir.

Bu görüşdə rəqibini ippon vəziyyətinə salan Ramin bürünc medala sahib çıxıb. Bu, ümumilikdə idmançılarımızın İrəvanda qazandığı dördüncü medal olub.

Qeyd edək ki, çempionatın ilk günündə milli komandamızın 3 üzvü fəxri kürsüyə yüksəlib. İlqar Müşkiyev (55 kq) gümüş, Rasim Əsədullayevla (60 kq) Fəqan Eminoğlu (66 kq) isə bürünc medala layiq görülüb.
0