Ruslan Əmircanov: “Neftçi” futbolumuzun flaqmanı olsa da... MÜSAHİBƏ
02.10.2009 - 23:57
Ruslan Əmircanov: “Neftçi” futbolumuzun flaqmanı olsa da... MÜSAHİBƏ
Mövsümə ardıcıl 2 qələbə ilə başlayan “Neftçi” III turda büdrədi. Özü də ötən mövsümün autsayderi hesab edilən “Muğan”la oyunda. Flaqmanın cari mövsümdəki yenilgisi sadəcə, bu oyunla məhdudlaşmır. “Ağ-qaralar” V tur çərçivəsində “Simurq”la keçirdiyi oyunda da xal üzünə həsrət qaldı. Nəticədə baş məşqçi postunda dəyişiklik edən klub rəhbərliyi Böyükağa Ağayevin əvəzinə komandaya Vaqif Sadıqovu baş məşqçi təyin etdi. Komandadakı ab-hava, eləcə də göz oxşamayan futbola üstünlük verən “Neftçi”də nə baş verdiyini öyrənmək üçün yayda komandaya transfer olunan Ruslan Əmircanovla söhbətləşdik.

- Əvvəlcə arxada qalan 5 turu dəyərləndirərdin...
- Üç qələbə qazanıb iki oyunda məğlub olmuşuq. Xal itirdiyimiz qarşılaşmalar uduzulası oyunlar deyildi. “Simurq”la matçda qol vurmaq üçün imkanlarımız oldu. İstifadə edə bilmədik. Ancaq rəqibin 1 şansı oldu ki, ondan da maksimum istifadə etdi. Qoldan sonra güclü müdafiəyə malik “Simurq”un qapısına yol tapmaq mümkün olmadı. “Muğan”la oyunda da qələbəyə biz layiq idik. Ancaq bir qədər arxayın çıxdığımız oyunda sürprizlə qarşılaşdıq. Bu ötənilki “Muğan” deyil. Baş məşqçi Kemal Alispahiç güclü komanda yaradıb. Fikrimcə, çempionatın gedişatında Salyan təmsilçisi çətinliklə üzləşəcək. Onların “6-lıq”a düşəcəklərinə inanmıram. Nəticədə biz “6-lıq”a düşsək, bu, xal itkisi hesaba alınmayacaq. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Rəqiblərimiz arasında “6-lıq”a real namizədlər hesab edilən “İnter”, “Bakı”, “Xəzər-Lənkəran”, “Qarabağ” kimi komandalar var. Ona görə də məğlubiyyətləri yaddan çıxarıb, səhvlərimiz üzərində işləməli və növbəti oyunlar haqqında düşünməliyik.

- 5 oyunda qazanılan 9 xalı “Neftçi” üçün qənaətbəxş hesab etmək olar?
- “Neftçi” futbolumuzun flaqmanıdır. Ancaq bu komanda neçə ildir çempion ola bilmir. Hər oyuna qələbə əzmi ilə çıxırıq. Məncə, biz bu gün 9 yox, 15 xal toplamalı idik. Futbolçuların fiziki hazırlığı da normaldır. Bu futboldur, biri udar, digəri uduzar. İstərdim ki, “Neftçi” həmişə udan tərəf olsun.

- “Muğan” və “Simurq”a məğlubiyyətin səbəbini nədə görürsən?
- Salyan klubu ilə oyuna bir qədər arxayın çıxmışdıq. Onları asan məğlub edəcəyimizi düşünürdük. Ancaq oyun zamanı “Muğan”ın ötənilki kimi qapazaltı olmadığını gördük. Bosniya və herseqovinalı məşqçi xeyli iş görüb, güclü komanda formalaşdırıb. Bu oyunda rəqib bizi 2 dəfə əks-hücumda yaxaladı və qol vurdu. “Simurq”la oyun haqqında isə danışdıq. Ümumiyyətlə, hər iki məğlubiyyətdən nəticə çıxarmalıyıq. Bu gün çempionatda zəif rəqib yoxdur. Oyunlara ciddi hazırlaşmaq lazımdır. Hansısa klub Premyer Liqada çıxış edirsə, deməli, o buna layiqdir. Bir məsələni də qeyd edim ki, 2 oyunda məğlub olsaq da, liderdən cəmi 1 xal geri qalırıq. Yəni medalların taleyini həll edəcək oyunlar qabaqdadır. Mübarizə aparmaq lazımdır.

- Səncə, “Neftçi” niyə əvvəlki kimi sürətli və texnikalı futbol oynaya bilmir?
- Mövsümün əvvəlində komandaya fiziki hazırlıq üzrə italiyalı Covanni Melkiorren dəvət olundu. Kartəpədəki toplanış zamanı fiziki hazırlığa o nəzarət edirdi. Deyə bilərəm ki, bu gün “Neftçi” 90 dəqiqə mübarizə aparmaq gücündədir. Sadəcə, ağır məşqlərdən sonra özümüzü bir qədər yorğun hiss edirik. Təsəvvür edin, meydanda qaçmaq istəyirsən, amma ayaqların sözünə baxmır. Buna görə də sürətli futbol oynaya bilmirik. Oyunların ardıcıl keçirilməsi, bir qədər yüngül hazırlaşmağımıza imkan vermir. Vaqif Sadıqovun rəhbərliyi altında “Neftçi”nin fərqli futbol oynayacağını düşünürəm.

- “Neftçi”ni son 2 oyuna Arif Əsədov çıxardı. Böyükağa Ağayevin yoxluğu oyununuza nə kimi təsir göstərdi?
- Böyükağa Ağayev yaxşı məşqçidir. Heç kim ona zəif demir. Arif Əsədov da yaxşı insan və məşqçidir. Uzun müddət “Neftçi”nin formasını geyinib. Yəni bizim işimiz məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirməkdir. Böyükağa müəllimin yoxluğunda Arif Əsədovun verdiyi tapşırıqları maksimum icra etməyə çalışırdıq. Yəni baş məşqçinin yoxluğunu hiss etdirməməyə səy göstərdik.

- Artıq flaqmanın forması altında bir neçə oyuna çıxmısan. Özünü necə hiss edirsən?
- “Neftçi” ölkədə bir nömrəli komandadır. Xaricdə Azərbaycan futbolu haqqında söz düşərkən, hər kəs “Neftçi”dən danışır. Təbii ki, belə güclü klubda çıxış etdiyimə görə sevinir və qürur hissi keçirirəm. Gələcəkdə də əlimdən gələn köməkliyi əsirgəməyəcəyəm.

- Mütəmadi oynamamağın nə ilə bağlıdır?
- Bu, baş məşqçinin işidir. “Olimpik-Şüvəlan”la oyunda Rail zədələndiyinə görə onu mən əvəzlədim. “Turan”la matçda da meydana çıxdım və qələbə qazandıq. Ancaq nəyə görəsə “Muğan”la oyunda ehtiyatda qaldım. “Standard”la qarşılaşmada da komanda yoldaşlarıma kömək etdim. “Simurq”la qarşılaşmada isə Arif Əsədov məni solda oynatmaq istədiyini bildirdi. Peşəkar olduğumdan, buna etiraz etmədim. Sadəcə, hesabda geri düşdükdən sonra baş məşqçi meydana hücumçu buraxmaq üçün məni əvəzlədi.

- Artıq komandaya yeni baş məşqçi təyin edilib. Vaqif Sadıqovun gəlişi komandadaxili ab-havaya necə təsir göstərib?
- Vaqif müəllim güclü mütəxəssisdir. U-17, U-19 və U-21 yığmalarında onun rəhbərliyi altında oynamışam. O, “Neftçi”də sürətli və texnikalı futbola üstünlük verəcək. Ümumiyyətlə, onun gəlişi komandada sevinclə qarşılandı. Çünki futbolçular Vaqif müəllimi yaxşı tanıyırlar.

- Onun gəlişi ilə “Neftçi”də nə dəyişəcək?
- Öz işinə ciddi yanaşan mütəxəssisdir. Nizam-intizama xüsusi diqqət yetirir. Yalanı sevmir. Bundan başqa, komandada qruplaşmanın yaranmasına, yerli-legioner söhbətinin ortaya çıxmasına imkan vermir. O, komandanın ailə şəklində olmasını istəyir. Yəni futbolçulardan bir-birini dəstəkləmələrini tələb edir.

- Sadıqov artıq futbolçularla görüşüb. Əsas tapşırıqları nə ilə bağlı oldu?
- Bu, tanışlıq xarakteri daşıyırdı. Komandada güclü və səviyyəli futbolçuların yığışdığı, sadəcə, bu gücü komanda şəklində ortaya qoymağımızın vacib olduğunu bildirdi. İstirahətlə əlaqədar futbolçulara fiziki formalarını qorumağı, gün ərzində heç olmasa 30-35 dəqiqə kros qaçmağı məsləhət gördü. Çünki futbolçu 2-3 gün məşq etmədikdə, çəkisi artır.

- Necə düşünürsən, “Neftçi” əvvəlki şöhrətini qaytara biləcəkmi?
- Buna əminəm. Azarkeşlərə deyirəm ki, “Neftçi” əvvəlki şöhrətini bərpa edəcək.

Mənbə: “Futbol dünyası” qəzeti
0