Azərbaycanlı dünya çempionu Moskvada həbs olundu
29.10.2009 - 13:08
Azərbaycanlı dünya çempionu Moskvada həbs olundu
Moskvada qaydasız döyüş üzrə dünya çempionu olan azərbaycanlı idmançı tutulub. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyi Mehman Qərib oğlu Qasımovun cinayətkar qruplaşmanın lideri olduğunu iddia edir.

Əməliyyat Proletarski prospektindəki evlərdən birində keçirilib. Qasımovu tutmaq üçün təkcə milis əməkdaşlarından deyil, “Rıs” xüsusi təyinatlı milis dəstəsindən də istifadə olunub. Məlumata görə, milis əməkdaşları dünya çempionu olan idmançının güc tətbiq edə biləcəyindən qorxublar.

31 yaşlı Mehman Qasımov Azərbaycanda doğulsa da, Ukrayna vətəndaşıdır. Ukrayna tərəfi Donetsk vilayəti sakininin sifarişlə öldürülməsi və Əfqanıstandan narkotik vasitələrin qaçaqmalını təşkil edilməsi ittihamları ilə Qasmov barəsində beynəlxalq axtarış elan edib.

Agentliklər həbsin oktyabrın 23-də həyata keçirildiyini bildirirlər. Hazırda Qasımov müvəqqəti saxlama təcridxanasında saxlanılır. Onun digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır. Bundan əlavə, Mehman Qasımovun Ukraynaya təhvil verilməsi məsələsi nəzərdən keçirilir.
0