Berti Foqtsun Bakıya gətirdiyi xanım: Yaşa və yaşat!
09.04.2010 - 16:50
Berti Foqtsun Bakıya gətirdiyi xanım: Yaşa və yaşat!
“6 yaşında futbolla məşğul olmağa başladım. Başqalarının top qovduğunu görəndə, niyə mənsiz oynadıqlarını düşünürdüm. Həmin vaxtdan da bu idman növünə bağlandım”. Apasport.az saytının məlumatına görə, bu sözlər qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi postuna namizəd Sissi Rayta məxsusdur.

Almaniyalı xanım mütəxəssisin karyerasının böyük hissəsinin bağlı olduğu “Bavariya” klubunun saytında anketi yerləşdirilib.

Ən çox sevdiyi musiqi üslubu “texno” olan 50 yaşlı məşqçi Demi Murun çəkildiyi “Ədəbsiz təklif” filminə böyük dəyər verir. Evdə hazırlanan qarağat mürəbbəsini vurğunudur. Amma bu olmayanda, Sissi çıxış yolu kimi çay içməməyə üstünlük verir. Çünki ən sevimli içkiləri kəmşirin çaxır və alma şirəsidir.

İfrat dərəcədə iddialı insanlardan zəhləsi gedir. Birisinə qarşı edilən ədalətsizlik isə yığmamızın gələcək baş məşqçisini lap özündən çıxarır. Almaniyalı televiziya vasitəsilə biatlon yarışlarını və xəbərləri qaçırmamağa çalışır.

İşi ilə bağlı kitab və jurnalları oxumağın əleyhinə olmayan xanım internetdə də vaxt keçirməyi lazım bilir. O, daha çox e-mail ünvanlarını diqqətdə saxlamağı xoşlayır. Məzuniyyət vaxtı Avstriya və ya Sardiniyada olmağa çalışır. Rayt tənha adaya düşməyə də münasibət bildirib: “Orada restoranlar olsa, yetər”.

İdman mallarını toplamaq və restoranları gəzmək kimi hobbisinin olduğunu anketinə daxil edən Sissi öz devizini də heç kimdən gizlətmir: “Yaşa və yaşat”.

Qeyd edək ki, Sissi Rayt Bakıya bu gün axşam saatlarında, milli komandamızın baş məşqçisi olan həmyerlisi Berti Foqtsla birgə gəlir. İndiyədək bir-biri ilə tanış olan mütəxəssislər eyni təyyarə ilə ölkəmizə səfər etdiyindən, ilk ünsiyyətlərini yolda qura biləcəklər. Yalnız qiyabi surətdə bir-birini tanıyan almaniyalılar Azərbaycan futbolu haqda fikir mübadiləsinə elə təyyarədən başlamaq imkanı qazanacaq.
0