Teymur Rəcəbov: Turnir cədvəlinə sonda baxmaq lazımdır
24.04.2014 - 20:10
Teymur Rəcəbov: Turnir cədvəlinə sonda baxmaq lazımdır

"Shamkir Chess 2014" turnirinin V turunda dünya çempionu Maqnus Karlsenə qalib gələn Teymur Rəcəbov jurnalistlərin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı şahmatçı partiya haqda belə danışıb: "Debütdən mənə tanış olan taktikanı seçmişdim. Uzun illərdir məhz bu taktika ilə oynayıram. Əlbəttə, elitar şahmatçıya qarşı oynamaq hər zaman çətindir. Gedişləri əvvəlcədən tapmaq çətindir. Səhvdən istifadə edib oyunu qələbəyə daşıdım. Maraqlı oyun oldu. Ötən gün Karuananın uğuruna əsasən hazırlaşmamışam. Mənim üçün əsas öz oyunumdur".

 

Rəcəbov "27-ci dəfə Maqnus Karlsenə qarşı oynadınız. Hansı partiya yadda qalan olub?" sualına belə cavab verib: "Maqnusa qarşı çox oynamışam. Son dəfə 6 il əvvəl Linares superturnirində Karlsenə qalib gəlmişəm. Ondan sonra çox oynamışıq. Bəzi hallarda nəticə onun xeyrinə olub. Çox güclü şahmatçıdır. Bu gün oynadığımız partiya da asan başa gəlmədi. Karlsen FİDE reytinqində 1-cidir. Bunu unutmaq olmaz. İstirahət günündən sonra yenidən mübarizəmiz davam edəcək. Turnir cədvəlinə sonda baxmaq lazımdır. Ona görə indi öz oyunum barədə düşünürəm".

 

Dünya çempionu Maqnus Karlsen isə ardıcıl iki məğlubiyyəti yorğunluqla izah edib: "Partiya zamanı bir neçə dəfə səhv etdim. Rəqib bundan yaxşı istifadə etdi. Qara fiqurlarda üstünlük yarandı. Seytnot zamanı artıq vəziyyətin pisləşdiyini gördüm. Bilmirəm nə baş verir. Ardıcıl ikinci məğlubiyyət yorulduğumu göstərir. Mənə dincəlmək lazımdır. İstirahət günündən sonra yəqin öz oyunumu bərpa edəcəm. İndi hiss edirəm ki, enerjim qalmayıb".

0