“Çelsi” Premyer Liqanı Çempionlar Liqasına qurban verir
25.04.2014 - 05:23
“Çelsi” Premyer Liqanı Çempionlar Liqasına qurban verir

“Çelsi” futbol klubunun rəhbərliyi Çempionlar Liqasında uğurun daha üstün olması ilə bağlı baş məşqçi Joze Mourinyonun məsləhətini qəbul edib. Apasport.az saytının məlumatına görə, London klubun bununla da faktiki olaraq Premyer Liqadakı yarışdan çəkildiyini etiraf edib.

 

Bu həftənin sonunda “Liverpul”a qarşı oyun zamanı “Çelsi”nin çempionluq uğrunda taleyi həll oluna bilər. Hazırda londonlular liderdən 5 xal geridədirlər və bu tur xal itirəcəkləri təqdirdə, birinci yer şanslarını da itirə bilərlər. Amma londonlular bununla barışaraq, Çempionlar Liqasının daha üstün olduğu fikrinə gəliblər.

 

“Çelsi” rəqib meydanında birinci görüşdə “Atletiko” ilə sərfəli heç-heçəyə nail olub. Amma bu bərabərlik komandaya baha başa gəlib. Qapıçı Petr Çex və müdafiəçi Con Terri sıradan çıxıb. Klub rəhbərliyi təcili müşavirə keçirərək qüvvələrin mövsümün sonuna qədər paylanması məsələsini müzakirə edib. Direktorlar Şurası Mourinyoya “Liverpul”la oyunda bir neçə aparıcı oyunçunu oynatmamağa icazə verib. Klubun sahibi Roman Abramoviç də bu ideyanı dəstəkləyib.

 

Mourinyo qərarını belə əsaslandırıb: “Avropa kuboklarında İngiltərənin yeganə komandası qalıb. Mənə elə gəlir ki, “Liverpul”la oyunda “Atletiko” ilə oynamayacaq futbolçuları döyüşə göndərmək lazımdır”.

 

 

0