Yubiley iştirakçıları: “Qoca” və komandası
08.05.2014 - 13:59
Yubiley iştirakçıları: “Qoca” və komandası

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 35 gün qalıb. Apasport.az saytı Braziliyada baş tutacaq yubiley – XX mundialın iştirakçılarının təqdimatını Kolumbiya millisi ilə davam etdirir. C qrupunda yer alan cənubi amerikalılar Yunanıstan, Fil Dişi Sahili və Yaponiya ilə mübarizə aparacaq.

 

Kolumbiya millisi mundialların təsadüfi qonağı olmasa da, ciddi uğuru da yoxdur. Amerika təmsilçisinin ən yüksək nailiyyəti 1/8 final olub. Buna da 1990-cı ildə təsadüf olunub. Həmin vaxt kolumbiyalıları Kamerun millisi dayandırmışdı. 4 il əvvəl isə CAR-dakı yarışda kolumbiyalılar çıxış etməmişdi.

 

Baş məşqçi Xose Pekermanın yetirmələri Braziliyaya vəsiqə qazanmaq üçün ciddi çətinlik çəkməyib. “Qəhvəçilər” Cənubi Amerika üzrə seçmə mərhələni 2-ci pillədə başa vurub. Yalnız Argentinadan geri qalan kolumbiyalılar 30 xal toplamaqla top fərqində “+14”ə nail olub. Son mundiallardakı uğursuzluqlardan sonra bu nəticə böyük göstərici sayılır. “Sarılar” əfsanəvi Karlos Valderammanın oynadığı 1998-ci ildən sonra final mərhələlərinə həsrət idi.

 

Kolumbiya yığması Belçika ilə yanaşı dünyanın ən perspektivli komandası sayılır. Yetişən gənc nəsil futbolçuların səviyyəsi göz oxşayır. Xüsusilə də hücum xətti. Martines, Falkao, Rodriges, Kuadradonun ümumi qiyməti 150 milyon avroya yaxındır.

 

16 ildir mundiala qatılmayan yığmanın üzvlərinin belə böyük yarışda iştirak təcrübəsi yoxdur. “Qalatasaray”dakı çıxışları ilə Azərbaycanda da yaxşı tanınan Fərid Mondarqon yeganə istisnadır. Qapıçı hələ DÇ-1998-də ehtiyat oyunçu kimi iştirak etmişdi. Hücumla müqayisədə müdafiə xəttinin zəifliyi də diqqət çəkir. 37 yaşlı Mario Yepesə hələ də alternativin olmamağı da bu problemi göstərir.

 

“Qəhvəçilər”in əsas ulduzu Falkaodur. “Monako”da onunla yanaşı çıxış edən Hamis Rodriges və “İnter”in şərəfini qoruyan Freddi Quarin də kolumbiyalıların fəxr etdiyi oyunçulardandır.

 

Kolumbiya yığmasının əsas qapıçısı 43 yaşlı Mondraqon sayılır. Final mərhələsində meydana çıxacağı halda mundial vaxtı – iyunun 21-də 43 yaşını qeyd edəcək qolkiper rekorda imza atacaq. O, mundiallarda oynamış ən “qoca” ünvanını kamerunlu əfsanə Roje Milladan alacaq. Mondraqonun əvəzləyicisi isə Ospina hesab olunur. Müdafiənin mərkəzində Yepeslə Sapata, cinahlarında isə Armero ilə Arias çıxış edir. Gənc Medina və Balantanın da mərkəzdə peyda olması istisna deyil. Orta sahədə Sançeslə Quarin, yarımmüdafiənin kənarlarında Rodrigeslə Kuadrado qərarlaşır. Quarinin əvəzləyicisi isə Aqilardır. Hücumda Falkao və Martinesdən ibarət cütlük mübarizə aparır. Bakka və Muriel kimi forvardlar isə ön xətdə rəqabəti saxlayır.

 

Qeyd edək ki, Kolumbiya millisi iyunun 14-də Yunanıstan, 19-da Fil Dişi Sahili, 24-də Yaponiya ilə qarşılaşacaq.

0