Yanne Mian: Heç kim bizdən nəticə gözləmir
23.07.2014 - 20:14
Yanne Mian: Heç kim bizdən nəticə gözləmir


“Yeni komanda qurmuşuq. Biz Avropada uğurlu çıxış edən komandayıq. Danimarkanın “Norşellan” komandası ilə heç-heçə etdik, “İnter”ə uduzduq. Amma Bakıda qələbə qazanmağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu olan “İnter” – “Elfsborq” matçı öncəsi İsveçin “Elfsborq” klubunun baş məşqçisi səlahiyyətlərini icra edən Yanne Mian jurnalistlərə deyib.

Mian ilk öncə ümumi fikirlərini açıqlayıb: “Onların “Tiraspol”a qarşı keçirilən 2 oyununu izləmişdim. Rəqib meydanın mərkəzində çox yaxşı çıxış edir. Biz İsveçdə çox gözəl şansımızı qaçırdıq. Anders Svensson kimi böyük futbolçumuzun oyunu alınmadı”.

Miam baş məşqçi Klas İnqessonun ölkəmizə gəlməməsi və İsveç futbolundakı problemlərdən də danışıb: “İnqesson xərçəng xəstəsi olduğu üçün bura gəlmək imkanı yox idi. O, 2 ay müddətində ayağı sındığı üçün əlil arabasında gəzir. Düşünürəm ki, İsveç futbolunda böyük problemlər var. 1994-cü ildə bizdə yaxşı çempionat, yaxşı komandalar vardı. İndi isə çempionatın səviyyəsi aşağı düşüb. Dünya klubları fərqli taktika ilə çıxış edir. Biz də bu taktikalara ayaqlaşmağa çalışırıq. Biz 8 ildir ki, avrokuboklarda oynayırıq. Yaxşı təcrübəmiz var”.

Gənc çalışdırıcı sabahkı oyunda qələbə qazana bilməsələr, bunun İsveçdə faciə kimi qəbul olunmayacağını da söylədi: “Biz yanvardan komanda qurmağa başlamışıq. Heç kim bizdən nəticə gözləmir. Burda yaxşı oyunçu parlayan kimi Avropa nəhəngləri onları heyətinə qatır. Biz də öz növbəmizdə Bayrami, Avdiç kimi ulduz oyunçularımızı yaxşı qiymətə başqa klublara satmışıq”.

 

 

0