“Biz heç bir komandadan çəkinmirik” - MÜSAHİBƏ
20.09.2014 - 23:00
“Biz heç bir komandadan çəkinmirik” - MÜSAHİBƏ

“Qəbələ” klubunun yarımmüdafiəçisi Adrian Ropotanın apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının VI turu çərçivəsində bu gün “Neftçi” ilə üz-üzə gələcəksiniz...

- Rəqib çempionatın ən güclülərindən biridi. Bu komandaya qarşı oynamaq heç də asan deyil. Buna baxmayaraq, əsas məqsədimiz 3 xal qazanmaqdı. Azarkeşlərin gərgin, maraqlı qarşılaşma izləyəcəyini düşünürəm.

 

- “Neftçi”nin oyunlarını izləmisiniz?

- Çempionatda son qarşılaşmalarına baxdım. Çox yaxşı heyətə malikdi. Yeni baş məşqçisi var və təbii ki, onlar da meydana qələbə üçün çıxacaqlar. Son turda “Xəzər Lənkəran” üzərində qələbə qazanıblar. Amma biz rəqibdən çox özümüzü düşünürük. Komanda şəklində yaxşı oynamalıyıq.

 

-  Cari mövsüm “Qəbələ”nin müdafiə xəttində bəzi problemlər var. Yeni transferləriniz -  mərkəz müdafiəçiləri Pavol Farkaş və Aleksandru Benqa hələ də adaptasiya ola bilməyiblər. Bu amil “Neftçi” ilə görüşdə problem yarada bilərmi?

- Heyət haqqında danışmaq istəmirəm, çünki hər şeyi baş məşqçi daha yaxşı görür.  

 

- Heyətinizdə 4 hücumçu olsa da, qol vurmaqda çətinlik çəkirsiniz. Vurulan qolların da əksəriyyətinin müəllifi yarımmüdafiəçilərdi...

- Fikrimcə, bu problem həll olunacaq. Komandada olan hücumçuların hər biri yaxşı futbolçudu və öz işlərini biləndi. Futbolda əsas nəticə lazımdı. Biz çempionatda oynayırıqsa, hər qarşılaşmada meydana çıxıb qələbə qazanmalıyıq. Qolu kimin vurmasının nə fərqi? Əgər uğur əldə ediriksə, deməli, burada bütün futbolçuların əməyi var.  

 

- Arxada qalan 5 turda 3 qələbə qazansanız da, hesabınızda 2 yenilgi var. Nəticənizi qənaətbəxş adlandırmaq olar?

- Biz hər oyuna qələbə üçün çıxırıq. 3 qələbə qazanmışıq, amma bu, 4 də ola bilərdi. IV turda AZAL-la matçda üstün olsaq da bəxtimiz gətirmədi. Sadəcə, I turdakı “İnter”lə oyunu çıxsaq, qalan bütün oyunlarda qələbəyə layiq idik. Keçən tur da Zaqatalada “Simurq”la qarşılaşmada hesabda geri düşdük. Amma sona qədər əzmkarlıq göstərib qalib gəldik.

 

- Qarşıda sizi ardıcıl iki çətin oyun gözləyir. Bu gün “Neftçi”, gələn həftə isə “Xəzər Lənkəran”la üz-üzə gələcəksiniz...

- Hər iki oyunu doğma meydanda, öz azarkeşlərimiz önündə keçirəcəyik. Üstəlik, biz heç bir komandadan çəkinmirik. Çempion olmaq üçün oynayırıq və hansı komandalarla üz-üzə gəlməyimiz fərq etməz. Əsas odur ki, 3 xal qazanaq.

 

- Sizcə, hansı komandalar çempionluq uğrunda sona qədər mübarizə aparacaq?

- Mən yalnız öz komandamız haqqında düşünürəm. Biz sona qədər birincilik üçün yarışacağıq. Digər komandalar barədə nəsə deyə bilmərəm.

 

- Artıq 2 aydır   Azərbaycandasınız. Rusiya çempionatında oynamış bir futbolçu üçün Topaz Premyer Liqasının səviyyəsi necədi?

- Premyer Liqanın səviyyəsi yaxşıdı. Mənə görə maraqlı çempionatdı. Ümumiyyətlə, Azərbaycan çox xoşuma gəldi. Həm ölkə,  həm də futboluna görə.

 

Elsevər MƏMMƏDOV

 

0