[b]Kamran Ağayev hakimlərdən gileylənib, "Qarabağ"a söz atdı: ...o komanda öldü[/b]
18.10.2014 - 23:00
[b]Kamran Ağayev hakimlərdən gileylənib, "Qarabağ"a söz atdı: ...o komanda öldü[/b]

“Düzdü, uduzduq. Amma qarşılaşma maraqlı keçdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun qapıçısı Kamran Ağayev deyib.

 

Topaz Premyer Liqasının VIII turu çərçivəsində səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları görüşdən danışan qolkiper hakim idarəçiliyindən narazıdı. Onun fikrincə, qarşılaşmanın ilk yarısında “Qarabağ” azlıqda qalmalı imiş: “Hakim də insandı, səhv edə bilər. Amma elə səhvlər var ki, matçın qırılma nöqtəsi olur. İlk yarıda baş hakim Rəhim Həsənov rəqibin müdafiəçisi Maksim Medvedevə qırmızı vərəqə versəydi, oyun başqa cür alınacaqdı. Etiraf edirəm, “Qarabağ” ölkənin ən yaxşılarından biridi, amma ən güclüsü deyil. Bu komandanı da məğlub etmək mümkündü”.

 

“Qarabağ” ikinci qolu penalti zərbəsindən vurdu ki, Ağayev həmin epizodda hakimə narazılığını bildirdi. Əməkdaşımızın “Həsənovun qapınıza təyin etdiyi penalti qərarı düzgün idimi” sualına gəlincə, Ağayev buna epizodun təkrarına baxdıqdan sonra fikir bildirməyin mümkünlüyü söyləyib: “Penalti vardımı? Bu barədə dəqiq heç nə deyə bilməyəcəm. Diskə baxdıqdan sonra konkret fikir söyləmək olar. Hamı elə bildi ki, mən Rəhim Həsənovla dava edirəm. Amma yox, onun qərarı ilə bağlı söhbət edirdim”.

 

Yığmanın baş məşqçisi Berti Foqtsun istefası barədə geniş danışmaq istəməyən Ağayev vurğulayıb ki, futbolçunun işi çalışdırıcının tapşırıqlarını yerinə yetirməkdi.  

 

“Mənim bu söhbətə qarışmaq fikrim yoxdu. Bilirsiz, kim gəlirsə-gəlsin, biz məşqçinin tapşırıqlarına əməl edəcəyik. Yığmada öz bildiyimiz kimi oynamırıq ki... Yeni baş məşqçinin yerli, yoxsa əcnəbi olmasına gəlincə,  indi danışsam, bu söhbəti şişirdəcəklər. Böyük komandalardan qorxmaq lazım deyil. Hazırda əvvəlki dövr deyil ki, futbolçunu rəqibə qarşı fərdi oynadasan. Bilirsiz nəyə görə? Yaxşı müdafiə hücumdan başlayır. İstər Ronaldo, istər Modriç olsun. Əgər bir futbolçuya tapşırıq versən ki, sən ancaq filankəslə “personalnı” oyna, o komanda öldü. Bu, mənim fikrimdi.  Yığmaya ən yaxşılar çağırılmalıdı. Yəni, seçim elə olmalıdı ki, həmin məşqçi ölkəmizə xeyir verə bilsin. İndi bu posta hər kim gələcəksə, onu AFFA təyin edəcək. Məşqçi bizə nə deyəcək, elə də oynayacağıq” – deyə, qapıçı bildirib.

 

Ağayev həmçinin vurğulayıb ki, Azərbaycan yığmasının qapısını qorumaq çətindi: “Bəzən mənə deyirlər ki, daha yaxşı futbol ölkəsində doğulsaydın, böyük uğurların olardı. Düzdü, Azərbaycan millisinin qapısını qorumaq çox çətindi. Hər dəfə yaxşı oynamaq mümkün deyil. Azərbaycanlı olduğum üçün fəxr edirəm. Əlimdən gələni edirəm. 20 qol da buraxsam, yenə də Vətənimi sevirəm. Ac, susuz olsaq da, ölkənin şərəfini qorumaq borcumuzdu. Amma dalımızca danışırlar ki, futbolçular məşq eləmir, oynamırlar. Azarkeşlər bizim yalnız 90 dəqiqə meydandakı çıxışımızı görür. Ondan öncə çəkdiyimiz əziyyətlərdən heç xəbərləri yoxdu. Bir insan daim sağlam qala bilməz. Əzilir, xəstələnir... Milli də hər oyuna eyni səviyyədə hazırlaşa bilməz. Biz futbolçular belə məğlubiyyətlə görə çox pis oluruq. Əvvəl gənc idik və düşünürdük ki, gələcəkdə daha yaxşı olar. Amma indi gənc deyilik. Məsələn, Almaniyaya 1:6 hesabı ilə uduzmuşduq. Onda yaşımız az idi, “gələcəkdə yaxşı olar” deyirdik. Üzülürük ki, biz öz vəzifəmizi yerinə yetirə bilmirik. Başqa nə deyə bilərəm? Sadəcə, Azərbaycan xalqından üzr istəyirəm”. 

Elsevər MƏMMƏDOV

0