“Dünya və Avropa çempionatlarında medal qazanmış hər idmançının arzusu olimpiada qızılıdır. Mənim də yeganə çatışmazlığım olimpiya çempionluğudur”.
Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Türkiyə yığmasının aparıcı üzvü Rıza Kayaalp deyib.
Türkiyə komandası İstanbulun Sarıyer bölgəsində yerləşən Mersinli Ahmet adına təlim-məşq mərkəzində Azərbaycan millisi ilə birlikdə təlim-məşq toplanışındadır.
Dördqat dünya və doqquzqat Avropa çempionu, olimpiadaların gümüş və bürünc medalının sahibi olan Kayaalp yerli mətbuata açıqlamasında toplanışı dəyərləndirib. O, bu hazırlığın daha çox azərbaycanlı güləşçilərə xeyir verdiyini söyləyib: “Artıq yetişən gənc güləşçilərimiz var. Məşqlərdə tərəfdaş tapmaqla bağlı problemim yoxdur. Azərbaycan millisi ilə birgə toplanış keçmək daha yaxşı oldu. Fərqli hazırlıq keçirik. Bizə də xeyri var, ancaq daha çox onlar üçün faydalıdır. Mən aqressiv olduğum üçün azərbaycanlı rəqiblərimiz bu xüsusiyyətləri inkişaf etdirirlər. Önəmli olan güclənmək, bir-birimizdən faydalanmaq və yeni yoldaşlarla çalışmaqdır”.
Qeyd edək ki, Türkiyə yığmasıyla birgə təşkil olunan hazırlıq prosesi yanvarın 16-dək davam edəcək. Millimiz toplanışı başa vurduqdan sonra Fransanın Nitsa şəhərinə yollanaraq ilin ilk beynəlxalq turniri olan Henri Deqlan "Qran-Pri"sində iştirak edəcək.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar