Ola! Brigado!Və ya beş gün “Lissabonun Sammit şəhəri”ndə
17.04.2008 - 17:50
Ola! Brigado!Və ya beş gün “Lissabonun Sammit şəhəri”ndə
Cüdo üzrə Lissabonda keçirilən Avropa çempionatında Azərbaycan nümayəndə heyəti 3 rəngarəng gün yaşadı. Şübhəsiz ki, nəticə nümayəndə heyətində yer alanların əhval-ruhiyyəsinə bilavasitə təsir göstərirdi. Bu səbəbdən qitə birinciliyinin ilk günündə axşam “VİP Art’s” otelində qayıdarkən çöhrələrdəki məmnunluğu duymaq çətin deyildi. Axı, Kifayət Qasımova bürünc medal qazanmışdı. Ramil Qasımov isə medalın bir addımlığında mübarizəni dayandırmışdı. Bürünc medal və hər iki cüdoçunun Pekin olimpiadasına lisenziya qazanması sevindirici hal idi. Ertəsi günü 3 təmsilçimizin tatami üzərinə çıxmasına baxmayaraq, heç günorta saat 12:00 olmamış azərbaycanlılar üçün yarış başa çatmışdı. İdmançıların, məşqçilərin məyusluğu, dilxorçuluq anlaşılan idi.
Avropa çempionatının axırıncı günü isə uğurlu alındı. Elxan Məmmədov turnirdə ikinci yeri tutmaqla, necə deyərlər, məşqçiləri mümkün tənqidlərdən, tənələrdən xilas etdi. Hətta Mövlud Mirəliyevin ilk görüşdə yerli idmançıya uduzdurulması belə yaddan çıxdı. Sadəcə, təəssüfləndiyim bir məqam oldu. “Pavilao Atlantiko” idman sarayında Azərbaycanın dövlət himni çalınmadı. Qoy, milli komanda üzvləri bu vəzifənin öhdəsindən Pekin Yay Olimpiya Oyunlarında gəlsinlər! Yekunda qazancımız 2 medal və 6 lisenziya oldu. Bu uğurun ardından dərindən nəfəs alıb, Lissabonu gəzməyə dəyərdi.
600 minə yaxın əhalisi olan Lissabonun küçələrində nadir hallarda siqaret kötüyünə rast gəlmək mümkün idi. Portuqaliya paytaxtında sellofanlar, kağız-kuğuz, şirə qabları və digər zibillər yoxdur. Halbuki, Bakı küçələrində belə zibillər gah sərbəst fırlanır, gah uçuşur, gah da qayğısız halda atılıb-qalırlar. Əksər Avropa şəhərlərində olduğu kimi, burada da polislərin sayı barmaqla sayılacaq qədərdir. Xristofor Kolumbun vətəni Atlantik okeanının sahillərində yerləşir. Ona görə də bu ölkənin əsas məşğuliyyət sahələrindən biri də balıqçılıqdır. Balıqçılıqdan söz düşmüşkən, Lissabonda yaradılan süni akvarium minlərlə turisti cəlb edir, yaxşı qazanc mənbəyi hesab olunur. Bizdə də belə təbii sərvətlər var. Lakin bizdən fərqli, portuqaliyalılar təbii sərvətlərə görməmişcəsinə yanaşmır, səmərəli yararlanır, təbiətə vəhşicəsinə hücum etmirlər.
Lissabonda diqqətimi bir məqam da çəkdi. Hərçənd, bu barədə çoxlarından eşitmişdim. Yolu qırmızı işıqda keçəndə belə sürücülər idarə etdikləri avtomobili saxlayaraq, insanlara yol verirlər. Deməli, insana maşından yüksək qiymət verilir. Bizim doğma Bakımızda isə yolu hətta yaşıl işıqda keçəndə belə az qala sürücülər maşını adamın üstünə dırmaşdırılar. Lissabonda iki qapılı sadə maşınlar üstünlük təşkil edir. Beş gün ərzində burada “Hammer” markalı avtomobilə rast gəlmədim. Olmaya portuqaliyalıların bu maşını almağa pulları çatmır? Əsla! Yeganə səbəb budur ki, portuqaliyalılar belə şeylərin fərqinə varmırlar. Onlar xoşbəxtliyi maşının böyüklüyündə və ya kiçikliyində deyil, rahatlığında axtarırlar. Həm də Lissabonda çirkli maşın görmədim ki, bu da şəhərin təmizliyindən xəbər verirdi.
İndi özünüz deyin: Lissabona həsəd aparmamaq olar? Xalq dilində “Lissabonun Sammit şəhəri” ifadəsinin formalaşması əbəs deyilmiş. Vaxtilə Gəncənin adını çəkmək istəmədiyim icra başçısı bəlkə də bu şəhərin gözəlliyini gördükdən sonra dili dolaşıb və Portuqaliyanın paytaxtını Sammit adlandırıb...
Beləcə, növbəti Avropa çempionatı tarixin yaddaşına köçdü. Fürsətdən istifadə edib səfərin təşkilində əməyi keçənlərin hamısına minnətdarlığımı bildirirəm. Onlara elə səfər zamanı öyrəndiyim portuqalca “ola” deyib, yəni salamlayıb, ürəkdən “brigado” (sağ ol) söyləyirəm. Kaş, maxinasiyaların baş alıb getdiyi federasiyaların rəsmiləri də idmançıların çıxışlarını canlı izləmək üçün hərdən jurnalistlərə imkan yaratsınlar!








0