Azərbaycanın akademik avarçəkənləri ilk dəfə dünya çempionatında yarışıblar
22.07.2008 - 15:17
Azərbaycanın akademik avarçəkənləri ilk dəfə dünya çempionatında yarışıblar
Bakı. Aqşin Əliyev - APA-Sport. 23 yaşadək akademik avarçəkənlərdən ibarət Azərbaycan milli komandası tarixində ilk dəfə dünya çempionatında çıxış edib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, Almaniyanın Brandenburq şəhərində keçirilən yarışda Dostməmməd Dostməmmədov 1 nəfərlik yüngül çəkili, Toğrul Qurbanzadə, Xəyal Zülfüqarov, Kamal Məmmədov və Fikrət Məmmədov kvarteti isə 4 nəfərlik yüngül çəkili qoşa avarlı qayıqlarda qüvvələrini sınayıblar. Seçmə mərhələdə D.Dostməmmədov Venesuela, Fransa, İrlandiya və İtaliya idmançıları ilə mübarizə aparıb. 2000 metrlik məsafəni 9:01.14 dəqiqəyə qət edən avarçəkənimiz sonuncu yeri tutub. Təsəlliverici sınaqda da D.Dostməmmədov zəif çıxış edib. O, 8:18.56 dəqiqə nəticə göstərərək, yenə sonuncu olub. Bu nəticə ilə C yarımfinalında qüvvəsini sınamalı olan D.Dostməmmədov səhhətindən şikayətlənərək, mübarizəni davam etdirə bilməyib. Yekunda həmyerlimiz öz kateqoriyasında 21 idmançı arasında axırıncı yeri tutub. T.Qurbanzadə, X.Zülfüqarov, K.Məmmədov və F.Məmmədov kvartetinin seçmə mərhələdə rəqibləri Almaniya, İsveçrə, Meksika və Avstraliya idmançıları olublar. Avarçəkənlərimiz 2000 metrlik məsafəni 6:59.08 dəqiqəyə qət edərək, sonuncu olublar. B finalında Fransa, Avstraliya, Meksika və Avstriya avarçəkənlərinə qarşı mübarizə aparan təmsilçilərimiz bu dəfə də axırıncı pillədə qərarlaşıblar. Ümumi nəticədə isə yığmamız 11 ölkə arasında sonuncu yerlə kifayətlənib.
0