Nazim Əlicanov: “Stadnik Pekin Olimpiadasında qızıl medal qazanmalıdır”
25.07.2008 - 11:42
Nazim Əlicanov: “Stadnik Pekin Olimpiadasında qızıl medal qazanmalıdır”
Bakı. Elşən Məmmədov - APA-Sport. “Pekin Olimpiadasında əsas hədəfimiz 48 kq çəkidə Mariya Stadnikin qızıl medal qazanmasıdır. Onun gümüş və ya bürünc medal əldə etməsi də bizi qane edə bilər. Lakin indiki hazırlıq səviyyəsi Stadnikin yalnız qızıl medala layiq olduğunu göstərir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Nazim Əlicanov deyib. Onun sözlərinə görə, yaxınlarda Slovakiyanın Koşitse şəhərində başa çatan gənclər arasında Avropa çempionatında da qələbə qazanması M.Stadnikin özünəinam hissini daha da yüksəldib. Baş məşqçi xüsusən, ukraynalı legionerimizin rusiyalı Elza Tazetdinovanı asanlıqla mübarizədən kənarlaşdırmasına diqqət çəkib: “Bu il Krasnoyarskda keçirilmiş “Qızıl Qran-Pri” turnirinin mərhələ yarışında Stadniki hakimlər Tazetdinovaya qəsdən uduzdurmuşdular. Qitə birinciliyində isə Mariya Elzanı iki hissəyə məğlub edərək, səviyyəsini bir daha ortaya qoydu”. N.Əlicanov bildirib ki, ən yüngül çəkili pəhləvanımızın bu il böyüklər arasında da qitə birincisi olması onun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da ən yüksək pilləyə iddialılar sırasına daxil edilməsinə əsas verir. Olimpiadada çıxış edəcək daha iki güləşçimiz – Yelena Komarova (55 kq) və Olesya Zamulaya (63 kq) gəldikdə, gənc mütəxəssis püşkün nəticəsindən çox şeyin asılı olacağını vurğulayıb.
Qeyd edək ki, Pekin Olimpiadasında M.Stadniklə Y.Komarova avqustun 16-da, O.Zamula isə ertəsi gün döhək üzərinə çıxacaqlar.
0