Azərbaycan cüdoçuları sabah Qazaxıstana təlim-məşq toplantısına yollanacaqlar
28.07.2008 - 12:12
Azərbaycan cüdoçuları sabah Qazaxıstana təlim-məşq toplantısına yollanacaqlar
Bakı. Elşən Məmmədov – APA-Sport. 2008-ci il Pekin Olimpiadasında çıxış edəcək Azərbaycan cüdoçuları sabah Qazaxıstanın Almatı şəhərinə təlim-məşq toplantısına yollanacaqlar. Cüdo Federasiyasının mətbuat xidmətindən «APA-Sport» agentliyinə verilən məlumata görə, baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında səfərə çıxacaq yığmamızın heyətində 6 idmançı və daha 2 məşqçi – Hacıağa Hacıəhmədov və İbadulla Şabanov yer alacaq. Cüdoçularımız Kifayət Qasımova (57 kq), Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq) və Mövlud Mirəliyev (100 kq) qonşu ölkədə Qazaxıstan, Gürcüstan, Yunanıstan və digər ölkə təmsilçiləri ilə bərabər bir həftəyədək hazırlıq prosesi keçəcəklər. Komandamız avqustun 5-də Almatıdan Çinin paytaxtına yollanacaq. Bundan dörd gün sonra Pekin Olimpiadasında cüdo yarışları start götürəcək. İdmançılarımız isə avqustun 10-dan mübarizəyə başlayacaqlar. Həmin gün tatami üzərinə R.Qasımov çıxacaq. Ertəsi gün E.Məmmədli və K.Qasımova, sonrakı üç gün ərzində isə ardıcıl olaraq, M.Əzizov, E.Məmmədov və M.Mirəliyev mübarizəyə qoşulacaqlar.
0