“Muğam ustası olmaq istəyirdim, amma...” - MÜSAHİBƏ
03.03.2010 - 12:15
“Muğam ustası olmaq istəyirdim, amma...” - MÜSAHİBƏ
Elçin Cəfərovla çoxdan görüşmək istəyirdik. Bəzən Cəfərov təlim-məşq toplanışında olduğundan, bəzən də boş vaxt tapa bilmədiyimdən bu görüşü təxirə salırdıq. Nəhayət, söhbət üçün konkret bir zaman müəyyənləşdirdik. Azərbaycanın böyük məşqçisi və vətənpərvər oğlu ilə söhbət fevralın 26-na, Xocalının işğalının ildönümü gününə təsadüf etdi. Söhbət əsnasında Allahın bizi məhz niyə belə ağır gündə görüşdürdüyünü anladım...

Elçin Cəfərovun titullarının sayı-hesabı yoxdur. O, bizim adımızı dünya miqyasında layiqincə təmsil edən bir yığma komandanı arxası ilə aparır. O, Fərid Mansurov, Vitali Rəhimov, Rövşən Bayramov kimi olimpiya çempionlarının və mükafatçılarının müəllimi, yunan-Roma yığmasının baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir. Amma Cəfərov yanımıza bütün titullarını elə ofisində qoyub gəlmişdi. Yenə gülərüz, yenə səmimi idi. Onunla hər şeydən danışdıq: uşaqlığından, güləşdiyi illərdən, ailəsindən, şəhid olmuş qardaşından....

“O vaxt çətinliyə kim dözdüsə, həyatda nə isə qazandı”

- Nəhayət, üz-üzə oturmuşuq. Bilirəm ki, sizin təqdimata ehtiyacınız yoxdur. Amma qəsdən təqdimatdan başlayacağam...

- 1959-cu il fevralın 7-də Ağdam rayonunda doğulmuşam. 10 yaşımda İndiki idman təmayüllü məktəbə daxil olub, yunan-Roma güləşi kursuna yazılmışam. İlk məşqçim İsmayıl Kövsiyev olub. O, hazırda Balakən rayonunda fəaliyyətini davam etdirir, Azərbaycanın əməkdar məşqçisidir. Peşəkarlıq səviyyəmi “Dinamo” cəmiyyətində artırmışam. İstər idmançı, istərsə də məşqçi kimi qazandığım uğurlara görə Fikrət Tahirova borcluyam. Tahirova mənimlə yanaşı, Kamandar Məcidova, Əli Əliyevə də böyüklük edib. Allah ona rəhmət eləsin. Mən həmişə onu xatırlayıram.

- Bakıya ailənizlə birgə gəlmişdiniz?
- Ailəm Ağdamda qalmışdı, Bakıya tək gəlmişdim.

- 10 yaşlı uşaq üçün Bakıda tək yaşamaq çətin deyildi?
- Böyük qardaşım Bakıda yaşayırdı. Məni hər zaman nəzarətində və himayəsində saxlayıb. Qazandığım uğurlarda əməyi böyükdür. 10 yaşlı uşaq cəmiyyətdə nə baş verdiyini anlamır. Cərəyan edən hadisələrdən qardaşım məni hali edib. Bu gün də bizim ağsaqqalımızdır. Bəli, tək yaşamaq çətin idi. Amma həyatda nəyəsə nail olmaq üçün daşlı-çınqıllı yollardan keçmək vacibdir. O vaxt çətinliyə kim dözdüsə, həyatda nə isə qazandı. Həyatın qanunudur: qaliblər tarixdə qalır.

“Bilirdim ki, hamı bir qabdan yeyəcək”

- Bakıya ilk dəfə idi gəlirdiniz? Yoxsa paytaxtla bağlı müəyyən təsəvvürünüz vardı?

- Bir neçə dəfə gəlib-getmişdim. Küçələri, parkları xatırlayırdım. Əvvəlki səfərlərim qısamüddətli olurdu. Amma bu dəfə tamam başqa məqsədlə yaşamaq və gələcəyimi qurmaq üçün gəlmişdim. çətinlikləri göz önünə almışdım. Bilirdim ki, hamı bir qabdan yeyəcək. Məni zaman-zaman yaxşı insanlarla qarşılaşdıran Allahıma şükür edirəm.

- İnternatda yaşayanda təhsilinizi davam etdirə bilirdiniz?
- Çoxu deyir ki, idmançı elm-savada can atmır. Mən bununla razı deyiləm. Əgər insanın içində maraq varsa, hansı peşəni seçməsindən asılı olmayaraq, maariflənəcək. Mən yaxşı oxumuşam. Xüsusilə, tarixi, coğrafiyanı, ədəbiyyatı mükəmməl bilmişəm. Uşaq vaxtı əlimə düşən pulları kitaba, dəftərə, qəzetə vermişəm. Amma əsas amalım idman olub. İstəmişəm ki, idmançı kimi böyük uğurlara imza atım. Zədə ucbatından çox arzum reallaşmayıb. Ayağımdan əməliyyat olunmuşdum Həkimlər “1 il məşq etmə” demişdilər. Onların söylədiklərinə məhəl qoymayıb 4 aydan sonra məşqlərə başladım və o biri ayağımı da zədələdim. 26 yaşımda böyük idmanla vidalaşdım. SSRİ vaxtında yığmaya düşmək Avropa və dünya arenalarına çıxmaq çətin idi. Bunun üçün çox maneədən keçmək lazım gəlirdi. Eyni zamanda, Azərbaycanın çox güclü idmançıları SSRİ yığmasından kənarda qalırdılar. Həmin idmançı həvəsdən düşüb, həyatını başqa sahədə qururdu. Sovet quruluşunun Azərbaycan idmanına mənfi təsirləri oldu. Neçə-neçə nadir tapıntılar idmandan uzaqlaşdılar. İndi müstəqil Azərbaycan idmançısı ölkədaxili yarışda uğur qazanmaqla yığmanın heyətinə düşməyə nail olur.

- Güləş döşəyinə ilk dəfə qədəm basdığınız anı xatırlayırsınız?
- Üstündən haradasa 40 il keçib. Döşəklə tanış olduğum günü tam detalları ilə xatırlamıram. Yadımdadır ki, ilk məşqdə əlim zədələnmişdi. üç aydan sonra güləş bölmələrinin birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxdım.

- Deməli, əvvəldən zədəyə meyilli olmusunuz...
- Zədələnməklə əməliyyat olunmağın arasında böyük fərq var. Arzulamazdım ki, kimsə idmançı karyerasını zədə səbəbindən bitirsin. Amma idmançı zədələnməlidir. Əgər, zədələnmirsə, deməli, məşqi yola verir.

“Hamımız “Təranə”da böyümüşük”-

- İnternatın ən ləziz yeməyi hansı idi?

- Sıyıq (“kaşa”). Gündə iki dəfə məşq edirdik. Enerjini bərpa etmək üçün əlimizə düşəni yeyirdik. Seçim imkanımız yox idi. Əgər istəmirdinsə, ac qalmalı idin. Yeməyəndə də başın fırlanırdı, məcbur olub olanlarla barışırdın.

- 10 yaşında ailədən ayrı uşaq... Nə vaxtsa bezib Ağdama qayıtmaq istəmisiniz?
- Yox. Yalnız zədəli olanda öz-özümə deyirdim ki, gərək futbolçu olaydım.

- Cibiniz pul görməyə nə vaxtdan alışıb?
- “Dinamo” cəmiyyətlərinin SSRİ çempionu kimi maaş alırdım. Pul qazanmağa 18 yaşımdan başlamışam. O vaxt yığma komandanın üzvlərinə “Təranə” restoranına talon verirdilər. İdmançılar bu restorana ev gözü ilə baxırdılar. Mən, Ceyhun Məmmədov, Kamandar Məcidov, Aslan Ağayev, Xəzər İsayev hamımız oradan çıxmışıq.

- Ağır da olsa, Ağdamın işğalına toxunmalıyam. Yəqin, Ağdam sizin ən yaralı yerinizdir..
- (üzünü sağ tərəfə çevirir, hiss edirəm ki, doluxsunub). İşğal vaxtı Dağlıq Qarabağda olmuşam. İki qardaşım müxtəlif yerlərdə vuruşurdu. Kiçik qardaşımı Şirin Mirzəyevin batalyonuna götürmüşdülər. Qardaşlarımdan biri şəhid olub. Bəlkə də istəməzdim ki, qardaşım güllə qurbanı olsun. Ona zəng vuranda artıq hərbi xidmətə yollanmışdı. Qohumlar dedilər ki, istəsən, qardaşını hərbi xidmətdən saxlaya bilərsən. Əgər Qarabağ uğrunda qarabağlı döyüşmürsə, qaçıb-gizlənirsə, şamaxılını, salyanlını, Ağdamdan, Qarabağdan anlayışı olmayanı necə cəbhəyə aparmaq olardı? Fəxr edirəm ki, bu vətənin, bu torpağın uğrunda mənim də kimimsə şəhid olub. Torpaq uğrunda ölmək şərəfdir. Şəhidlər heç vaxt ölmürlər, həyat durduqca yaşayırlar. Şəhidlər yaşayanları hörmətə mindirirlər. Hamının sənə, sənin hamıya ağlamağın tamam başqa hissdir. O biri qardaşım ara sakitləşəndən sonra da hərbidən uzaqlaşmadı. Hazırda əmək fəaliyyətini yekunlaşdırıb, təqaüdçüdür. Mənim ata-baba yurdum Ağdamın alınmamış hissəsində, üçoğlandadır. Tez-tez ora baş çəkirəm. Bu gün Ağdamda həyat var. “Qarabağ” ev oyunlarını orada keçirir, Prezidentimiz İlham Əliyev Ağdamda olimpiya kompleksinin açılışında iştirak edib, oranın işğalından söhbət belə gedə bilməz.

“Muğam ustası olmağı çox istəmişəm”

- Ağdamlısınız, yəqin muğam oxumaq qabliyyətiniz var...

- Çox istəmişəm... Bacarmadım. Hər gün Arif Babayevi, Alim Qasımovu, Xan Şuşinskini dinləyirəm. İstərdim ki, Səxavətin, Arif Babayevin davamçısı olum. Ceyhun Məmmədovun yaxşı səsi var.

- Yəqin toyunuz Bakıda olub...
- Toy eləmədim (xəyallara dalır). Qız evində toy olub, amma mən eləməmişəm. Şəhid qardaşıma görə, toy məclisi qura bilməzdim. İnşallah, balalarım üçün edərəm.

- Bildiyimə görə, 2 övladınız var...
- Bəli. Bir qızım, bir oğlum var. Oğlum Elşən güləşlə məşğul olmaq istədi. Alınmadı. İndi “Neftçi”nin aşağı yaş qrupunda futbol oynayır. Emin Quliyevin atası Mais müəllimin rəhbərliyi altında hazırlaşır. Bilsəm ki, oynayanda məni söydürəcək onu fikrindən daşındıraram.

- Oğlunuzda niyə güləşə həvəs oyada bilmədiniz?
- Əlbəttə, çox istərdim ki, Elşən güləşən olsun. Amma bu idmana marağı yoxdur. Onunku futboldur. “Fənərbaxça”nın azarkeşidir. “Fənərbaxça” ardıcıl uduzub, pis gündədir. Mən “Qalatasaray”a azarkeşlik edirəm, evdə qırğındır.

“Fərid Mansurovla qonşuyam”

- Bakıda hansı tərəfdə yaşayırsınız?

- Metronun “Gənclik” stansiyasının yaxınlığında cənab prezidentin bağışladığı mənzildə yaşayıram. 3-cü mərtəbədə mən oluram, 4-cü mərtəbədə Fərid Mansurov.

- Özünüzə məxsus diplomlar üçün xüsusi yer ayırmısınız?
- Yox, hamısı stadiondadır.

- Təlim-məşq toplanışlarından vaxt ayırıb, ailə ilə maraqlana bilirsiniz?
- Ailəyə nə qədər vaxt ayırsan azdır. Gərək bütün iş-gücünü atıb səhərdən axşama qədər oturasan evdə.

- Uşaqları lazım olan yerə özünüz aparıb-gətirə bilirsiniz?
- Stadion, məktəb bizim evə yaxın yerləşir. Daha yollarda vaxt itirmirik.

- Heç hiss etmisiniz ki, uşaqları sizə görə fərqləndirirlər?
- Çalışıram ki, bu, baş verməsin. Uşaqlara demişəm: hamı necə, siz də elə. Heç kimdən artıq, heç kimdən əskik deyilsiniz. Yoldaşlarınızı ancaq elm-savad və vətənə xidmətə görə üstələyə bilərsiniz.

“Biz internat uşağıyıq, nə versələr, yeyərik”

- Evdə yemək üstə dava düşmür?

- Biz internat uşaqlarıyıq, nə versələr yeyərik. Azərbaycanda nə bişirilirsə, dadına baxıram və qəbul edirəm.

- Elçin Cəfərovun günlük rejmi necədir?
- Bu, iş qrafikindən asılıdır. Vaxt olub ki, səhər saat 5-də yuxudan durmuşam. Proqrama həmişə sadiq qalmışam. Əgər mən geciksəm, başqaları necə olar?

- Toylarda tez-tez iştirak edirsiniz?
- Toylara çox çağırırlar. çalışıram ki, dəvət edənlərin könüllərinı qırmayım. İnsan həyatda bir dəfə toy edir. 5-6 dəfə etmir ki, deyəsən buna getmədim o birində iştirak edərəm. Yarış vaxtına təsadüf etdiyindən bəzi yaxınlarımın toy və yas məclislərindən qalmışam.

- Əvvəl sizi metroda tez-tez görürdük, son zamanlar yoxa çıxmısınız...
- Metroya qəzet almağa düşürəm.

- Gedişhaqqından xəbəriniz var?
- Deyirlər, 20 qəpikdir.

- Yox, 15 qəpik ediblər. Sizcə, çox deyil?
- Əlbəttə ki, yox. Gərək metro işçiləri də qazanclarından razı qalsınlar.

- Seriallara baxırsınız?
- Bütün serialları izləmək üçün vaxtım yoxdur. Evdə olanda bəzən türk kinolarını izləyirəm.

- Həyatda görüşməyi ən çox arzuladığınız adam kimdir?
- Maraqlı sualdır. Bu yaşımda çox istərdim ki, ata-anamla görüşüm. Amma mümkün deyil, onlar həyatda yoxdurlar.

- Yuxu görürsünüz?
- Mən yatıram ki?

“Hərənin öz qaldıracağı yük var”

- Xüsüsi pərəstiş elədiyiniz idmançı olub?

- Adlı-sanlı idmançılara hörmətim var. Komanda yoldaşım Kamandar Məcidova xüsusi rəğbət bəsləmişəm. O həm idmançı, həm də insan kimi könlümə yaxındır.

- Məşq zamanı tapşırığı yerinə yetirə bilməyən güləşçini heç vurmusunuz?
- Şillə vurmuşam, yəqin bundan sonra da vuracağam. Hətta heyətdən qovulanlar da olub. Bunların hamısını istədiyimdən etmişəm. Qovmaq, vurmaq asandır. Gərək idmançını sağlam ruhda böyüdəsən. Düzlə yoğrulmayan şəxs sonradan əyri yola düşür. Necə ki, xaos dövründə bir sıra adlı-sanlı idmançılarımız adam oğurluğundan belə çəkinmirdilər. 1997-ci ildən sonra dövlət idmançılara qayğı göstərməyə başladı.

- Bizim ulduzcuqlar özlərini göyün yeddinci qatında hiss edirlər. Onlarla Avropa çempionu yetişdirən Cəfərov niyə belə sadədir?
- İnsan necə varsa, elə də olmalıdır. Həm kollektivdə, həm evdə, həm işdə eyni cür hərəkət etməlidir. İnsanın pis günü də olar, yaxşı günü də. Amma insan xasiyyətin dəyişməz. İnsan dəyişirsə, deməli, rola girib. Kimsə boyundan yuxarı tullana bilməz. Hərənin qaldıracağı yük var.

Mənbə: Çempion-Azərbaycan qəzeti
0