Yığmamız Türkiyəni 6:1 hesabı ilə məğlub etdi
15.03.2010 - 09:52
Yığmamız Türkiyəni 6:1 hesabı ilə məğlub etdi
Ankarada Türkiyə Parlamentinin yaranmasının 90 illiyinə həsr olunmuş güləş üzrə “TURK-PA CUP” beynəlxalq turniri keçirilib. Apasport.az saytının məlumatına görə, həm sərbəst, həm də yunan-Roma güləşçiləri arasında finalda Azərbaycan və Türkiyə pəhləvanları qarşılaşıblar.

Sərbəst güləş yığmamız həlledici qarşılaşmada Türkiyəni 6:1 hesabı ilə məğlub edib. Yunan-Roma üsulunda mübarizə aparan pəhləvanlarımız isə finalda türk həmkarlarına uduzublar - 2:5.

Beləliklə, “TURK-PA CUP” beynəlxalq turnirində yunan-Roma güləşi üzrə Türkiyə birinci, Azərbaycan ikinci, Qırğızıstan üçüncü, sərbəst güləş üzrə Azərbaycan birinci, Türkiyə ikinci, Qırğızıstan üçüncü olub.

Qeyd edək ki, sərbəst güləş yığmamızda Ceyhun Əliyev (55 kq), Xaybulla Şaalov (60 kq), Ruslan Dibirhacıyev (66 kq), Aliq Quliyev (74 kq), Novruz Temrezov (84 kq), Cəmaləddin Məhəmmədov (96 kq), Toxtar Temrezov (120 kq), yunan-Roma güləşi üzrə milli komandamızın heyətində isə Taleh Məmmədov, Orxan Əhmədov (hər ikisi 55 kq), Anar Əsədov, Fuad Əliyev (hər ikisi 60 kq), Rüstəm Əliyev (66 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (hər ikisi 74 kq), Asif Arzumanov (84 kq), Araz Həsənov (96 kq), Zaur Mehrəliyev (120 kq) yer alıb.
0