Bakının dünya çempionatına namizədliyi rəsmən irəli sürüldü
15.03.2010 - 14:09
Bakının dünya çempionatına namizədliyi rəsmən irəli sürüldü
Bakı şəhəri kişilər və qadınlar arasında 2014-cü il dünya çempionatına namizədliyini rəsmən irəli sürüb. Bu haqda Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəsmisi, AZAL idman klubunun direktoru İsgəndər Əsgərov məlumat verib.

Onun sözlərinə görə, AAAF prezidenti, Azərbaycan Hava Yolları Dövlət Konserninin rəhbəri Cahangir Əsgərovun adından rəsmi ərizə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) prezidenti Tamaş Ayana təqdim edilib: “Ərizəni İWF-in Macarıstanın paytaxtı Budapeştdə yerləşən qərargahında Tamaş Ayana Cahangir müəllimin adından mən və yığma komandamızın baş məşqçisi Yanko Rusev təqdim etdik. Ayanın reaksiyası çox müsbət oldu. Dedi ki, indiyədək Qafqaz regionunda heç bir mötəbər yarış keçirilməyib. O, özü də bu regionda dünya çempionatının təşkilində maraqlı olduğunu bildirdi. Hətta Ayan Ermənistan yığmasının Bakıda təhlükəsizliyi ilə bağlı məsələdən narahatlıq keçirmədiyi söylədi. Ali qurumun rəhbəri qeyd etdi ki, 2007-ci ildə Bakıda keçirilmiş güləş üzrə dünya çempionatına Ermənistan da qatılıb və heç bir təhlükəsizlik problemi ilə üzləşməyib”.

Yaxın vaxtlarda İWF-dən AAAF-a Bakının mötəbər yarışa təşkilatçılıq imkanlarını öyrənmək üçün nümayəndə gələcək, eləcə də suallar ünvanlanacaq.

Qeyd edək ki, 2014-cü ilin sentyabrında təşkili nəzərdə tutulan dünya çempionatı 2016-cı il Rio- de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
0