Mundial və Azərbaycan: Arzumuz, təsəllimiz və “bizim” çempionlar
11.06.2010 - 12:16
Mundial və Azərbaycan: Arzumuz, təsəllimiz və “bizim” çempionlar
Bu gün bütün dünyanın diqqəti Cənubi Afrika Respublikasına yönələcək. Dörd illik fasilədən sonda növbəti dünya çempionatı (DÇ) start götürür və deməli, növbəti futbol bayramı başlayır.

Qarşıdakı bir ayda maraqlı oyunlara şahid olacaq, sonda planetinin ən güclü mili komandasının adını biləcəyik. Azərbaycan yığmasının mundialın 32 iştirakçısı arasında olmasını nə qədər arzulasaq da, bu, bizim üçün hələ ki arzudur. İnşallah, Allah bunu bizə da nəsib edir. Ancaq hələlik DÇ haqda danışarkən, mundialın iştirakçısı olmuş həmyerlilərimiz, bizə bağlı olanlar haqda danışmaqla təsəlli tapırıq. Hər halda, mundialda yığmamız iştirak etməsə də, özümüzünkülər, Azərbaycanda çalışanların bağlılığı var.

Sözsüz ki, həmyerlilərimizdən danışarkən 1966-cı ildə İngiltərədə keçirilən final mərhələsi yada düşür. “Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevski həmin vaxt SSRİ yığmasının heyətində inamlı oyunu ilə yadda qalmış, sonda 4-cü olmuşdu. Bu, artıq 20 ildir süquta uğrayan SSRİ-nin DÇ tarixində ən yüksək göstəricisidir. Həmin mundialda azərbaycanlı hakim də iz buraxıb. Özü də İngiltərə və Almaniya yığmaları arasında final oyununda yan xətt hakimi olan Tofiq Bəhramovun hesaba aldığı qol hələ də müzakirə olunur.

Belə ki, hesab 2:2 olarkən əlavə vaxtda meydan sahiblərinin hücumçusu Herstin başla vurduğu zərbədən sonra top qapı dirəyinə dəyərək, yerə düşür. Bəhramov topun qapı xəttini keçməsini işarə etməklə, qolun sayılmasının əsas səbəbkarı olur. Bundan sonra daha bir qol vuran ingilislər 4:2 hesablı qələbə qazanaraq, tarixlərinə ilk və hələ ki dünya çempionluğunu bayram edir.

Bundan sonrakı iki mundialda millimizin baş məşqçisi olan əcnəbilər öz sözlərini deyir. Söhbət futbolçu kimi dünya çempionu olan braziliyalı Karlos Alberto Torreslə almaniyalı Berti Foqtsdan gedir. Torres Meksikada keçirilən DÇ-70-da Braziliya yığmasının kapitanı kimi dünya kubokunun başı üzərinə qaldırır. Zarafat deyil, o, həmin vaxt Pele kimi futbolçunun kapitanı idi. Özü də Braziliya yığması kuboku 3-cü dəfə qazanmaqla, onu həmişəlik muzeyinə aparır. Bu, yalnız bir dəfə olub və ondan sonra hazırlanan yeni kubok keçici olur. Torresin İtaliya ilə final oyununda (4:1) elə Pelenin ötürməsindən sonra vurduğu gözəl qol indiyədək tez-tez göstərilir.

Foqts isə bundan 4 il sonra vətənində dünya çempionu adını qazanıb. Düzdür, Hollandiya ilə final oyunu Yohan Kroyffu yıxdığına görə penaltiyə, qola səbəbkar olan Foqts üçün uğursuz olsa da, komanda yoldaşları onu pis vəziyyətdə qoymur. Sonda 2:1 hesablı qələbə qazanan almanlar tarixlərində 2-ci dəfə dünya çempionu olur.

Klublarımızı çalışdıran bir sıra mütəxəssislər də vaxtilə futbolçu karyeraları zamanı mundialın həyəcanını yaşayıb. “Neftçi”nin baş məşqçisi olmuş ukraynalı Anatoli Demyanenko Avropa çempionatından fərqli, DÇ-nin mükafatçısı olmasa da, hər halda, SSRİ yığmasında kapitan sarğısını daşıyıb. “Qalatasaray” kimi Türkiyə yığmasında da kapitanlıq sarğısı etibar olunan Bülənt Korkmaz isə DÇ-2002-nin mükafatını qazanıb. “Bakı” klubunun sabiq çalışdırıcı bürünc medalçı olur ki, bu da Türkiyə yığmasının mundial tarixində ən yüksək göstəricisidir.

Ölkəmizdə debütünə hazırlaşan “Qəbələ” klubunun ingilis yeni baş məşqçisi Toni Adamsa da mundial həyəcanını yaşayıb. Ancaq onun DÇ-nin mükafatçısı olmasına 1990-cı ildə italiyalılar imkan vermədi. Belə ki, İngiltərə yığması italyanlara bürünc medal, 3-cü yer uğrunda oyunda yenilir.

Qeyd edək ki, ölkəmizdə çıxış edən legionerlərdən heç biri final mərhələsində oynamayıb.

Mehman SÜLEYMANOV