“Ola bilsin ki, onlar Azərbaycan yığmasından kənarlaşdırıldılar”
16.06.2010 - 15:08
“Ola bilsin ki, onlar Azərbaycan yığmasından kənarlaşdırıldılar”
“Avropa çempionatında çıxışımız istənilən səviyyədə alınmadı. İdmançılarımız 2 medal qazansa idilər, komandamıza ortabab qiymət vermək olardı. Amma Elvin Məmişzadənin güclü boksçulara qalib gələrək, gümüş medala yiyələnməsi bizi ruhlandırdı. Rusiyada yerli boksçunu məğlub etmək, hər idmançının işi deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Moskvada keçirilən Avropa çempionatından qayıdan boks üzrə Azərbaycan yığmasının məşqçisi Nəriman Abdullayev deyib.

Abdullayev bildirib ki, Rusiyaya aparılan heyətə böyük ümidlər bəslənilsə də, onların bəzisi səviyyəsindən aşağı çıxış edib, bəzisinin isə püşkatmada bəxti gətirməyib: “Komandamızın heyətində əsasən təcrübəli Emil Məhərrəmov və Romal Amanova böyük ümidlər bağlayırdıq. Təəssüf ki, Amanov püşkatma nəticəsində ilk görüşündə Avropa və dünya çempionu ilə qarşılaşdı və rinqdə bütün gücünü qoysa da, qələbə qazana bilmədi. Məhərrəmov isə döyüşünü düzgün qurmadı. Biz Ukraynada təlim-məşq toplanışında olarkən, o, həmin rəqiblə orada sınaq görüşü keçirmişdi. Maraqlıdır ki, Məhərrəmov həmin qarşılaşmada onu 1 zərbə ilə nokauta salmışdı. Rinqdə biz bu boksçunu güclə ayağa qaldıraraq qırağa çəkdik. Lakin Avropa çempionatında təmsilçimiz ilk görüşdə həmin rəqiblə üz-üzə gəldi və rinqi məğlubiyyətlə tərk etdi”.

Məşqçinin fikrincə, legionerlər də zəif çıxışları ilə yadda qalıblar. Bunun üçün onların komandamızda gələcək taleyinə yenidən baxılacaq: “Proqnozlarımıza görə, 81 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Ramazan Məhəmmədov da Avropa çempionatında fəxri kürsüyə yüksəlməli idi. Lakin dağıstanlı legionerimiz birinci qarşılaşmada zəif erməni idmançısına uduzaraq ümidlərimiz puç etdi. Ola bilsin ki, legionerlərin komandada qalma məsələsinə yenidən baxılsın və bəziləri ilə yollar ayrılsın. Digər idmançılarımıza gəlincə, 91 kq çəkili idmançıların mübarizəsində gənc Rəşad Abdullayev Elçin Əlizadəni layiqincə əvəzləyə bilmədi. Super ağır çəkidə qüvvəsini sınayan boksçumuz isə təcrübəsizliyin qurbanı oldu”.