Yeni dünya çempionu antirekordlar müəyyənləşdirdi
12.07.2010 - 15:06
Yeni dünya çempionu antirekordlar müəyyənləşdirdi
İspaniya dünya çempionluğu ilə antirekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Visente del Boskenin baş məşqçisi olduğu komanda mundialın qalibləri arasında ən az qol vuran olub.

İspanlar 7 oyunda 8 qol vurub ki, bunlardan 5-i David Vilya, 2-si Andres İnyesta, 1-i Karles Puyolun hesabına olub. Maraqlıdır ki, bunların hamısı bir klubun - “Barselona”nın üzvləridir. Buna qədər az qol vuraraq dünya çempionu olanlar İtaliya (1938), İngiltərə (1966) və Braziliya (1994) yığması idi. Özü də çempionlarda ən azı 4 futbolçu qol vururdu. Ancaq göründüyü kimi, ispanlarda üç futbolçu rəqib qapısına yol tapdığından, bu da antirekorddur.

Qeyd edək ki, İspaniya Avropa çempionu olandan dərhal sonra dünyanın da ən güclüsü olan ikinci yığma oldu. İndiyə kimi yalnız Almaniya millisi 1972 və 1974-cü illərdə belə nailiyyətə imza atmışdı ki, yığmamızın baş məşqçisi Berti Foqts da həmin vaxt onun sıralarında olub. Fransa yığması da iki ildə hər iki çempionluğu qazanıb. Sadəcə, fərq ondadır ki, onlar əvvəlcə (1998-ci il) dünya, daha sonra (2000-ci il) Avropa çempionu olub.