Azərbaycanın ən güclüləri sabah bəlli olacaq
25.12.2010 - 01:34
Azərbaycanın ən güclüləri sabah bəlli olacaq
Bakı İdman Sarayında keçirilən boks üzrə Azərbaycan çempionatında yarımfinalçıların adları məlum olub. Apasport.az saytının xəbərinə görə, 1/4 final mərhələsində də demək olar ki, gözlənilməz nəticələr qeydə alınmayıb.

Favoritlər bu dəfə də öz görüşlərini qələbə ilə başa vurublar. 52 kq çəki dərəcəsində gənclər arasında dünya çempionu, yeniyetmələrin ilk Olimpiya oyunlarının gümüş mükafatçısı Salman Əlizadə Kamran Vəlizadəni 10:2 hesabı ilə məğlub edib. Dünya və Avropa çempionatının mükafatçısı, Pekin Olimpiadasının iştirakçısı Samir Məmmədov da yarımfinala vəsiqə qazanıb. O, İnşallah Alışovu 5:2 hesabı ilə üstələyib.

Sinqapur Olimpiadasının daha bir gümüş mükafatçısı – Elvin İsayev də (60 kq) qələbə seriyasını davam etdirir. İsayev Elnur Zedynalov üzərində 11:0 hesabı ilə qələbə qazanıb. Digər favoritlərdən Ruslan Qasımov (60 kq), Heybətulla Hacəliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Məhərrəmov (69 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Kamran Mehdiyev (81 kq), Vətən Hüseynli (81 kq), Elçin Əlizadə (91 kq), Teymur Məmmədov (91 kq), Hafiz İsgəndərov (91 kq) və Fərid Paşayev də yarımfinala vəsiqə qazanıblar.

WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparan Rəhim Nəcəfov da adını yarımfinalçılar sırasına yazdırıb. Bu dəfə onun rəqibi Biləsuvar təmsilçisi – Yalçın Əzimli rinqə çıxmaqdan imtina edib.
Yarımfinal mərhələsində boks həvəskarlarını maraqlı döyüşlər gözləyir. 60 kq çəki dərəcəsində İmil İksanov Elvin İsayevlə, Ruslan Qasımov isə Heybətulla Hacəliyevlə üz-üzə gələcək. 91 kq çəki dərəcəsində isə Teymur Məmmədovla Hafiz İsgəndərovun görüşü böyük maraqla gözlənilir.

Azərbaycan çempionatında final görüşləri dekabrın 26-da keçiriləcək. Mükafata layiq yerlər tutmuş idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.