Yevgeni Kotov: Qızıl medallar uğrunda mübarizə aparacağıq
18.06.2011 - 13:00
Yevgeni Kotov: Qızıl medallar uğrunda mübarizə aparacağıq
Boks üzrə milli komandamızın baş məşqçisi Yevgeni Kotov Avropa çempionatının ilk günün dəyərləndirib. Apasport.az saytının məlumatına görə, mütəxəssis yarışda mümkün qədər uğurla çıxış etməyə çalışdiğını deyib.

Kotov turnirə yaxşı hazırlaşdığını deyib: “Avropa çempionatının ilk günü göstərdi ki, uşaqlar yaxşı formadadır. Gənc Salman Əlizadənin ukraynalı rəqibi üzərində inamlı qələbəsi məni çox sevindirdi. O, ilk saniyələrdən üstünlüyü ələ alaraq, Kozaruka heç bir şans vermədi. Salman rinqdə daha çox hərəkət edir, ağılla döyüşürdü. Təssüff ki, Elvin Məmişzadə ümidlərimizi doğrultmadı. Bu da yəqin ki, onun yeni çəki dərəcəsində döyüşməsi ilə bağlıdır. Görünür, Məmişzadə hələ 52 kq çəki dərəcəsinə yaxşı uyğunlaşa bilməyib”.

Milli komandamızın çalışdırıcısı Elvin İsayevin çıxışı barədə də fikirlərini bildirib: “Elvinin döyüşü çox gərgin keçdi. O, da gənc idmançıdır. Yenicə böyüklərin kateqoriyasına keçib. Latviya boksçusu isə daha təcrübəli idi. İnanıram ki, İsayev növbəti döyüşlərdə daha inamlı təsir bağışlayacaq”.

Kotov komandanın qarşısına mümkün qədər uğurla çıxış etmək vəzifəsi qoyulduğunu deyib: “Bəziləri Avropa çempionatına ciddi yanaşmaya bilər. Çünki bu yarış lisenziya vermir. Amma istənilən turnirdə medal qazanmaq lazımdır. Biz də qızıl medallar uğrunda mübarizə aparacağıq”.