Olimpiadada çıxış edən futbolçu irqçiliyə görə yığmadan qovuldu
31.07.2012 - 09:26
Olimpiadada çıxış edən futbolçu irqçiliyə görə yığmadan qovuldu
London Olimpiadasında dopinq qalmaqalına irqçilik də əlavə olunub. Apasport.az saytının məlumatına görə, İsveçrə olimpiya yığmasının futbolçusu Mişel Morqanella bu səbəbdən qovulub. Belə ki, o, komandası Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzandan sonra Twitter sosial şəbəkəsindəki səhifəsində rəqibin ünvanına irqçilik ifadələri işlədib.

Mişellə bağlı qərarı olimpiya yığmasının rəhbəri Jan Jiki qəbul edib. O bildirib ki, futbolçusu bu sözləri ilə həm Cənubi Koreya yığmasını, həm də bu ölkəni təhqir edib. İsveçrəlinin səhifəsi də ləğv olunub.

İtaliyanın “Novara” klubunun futbolçusu olan Morqanella olimpiya yığmasının əsas futbolçularından idi və artıq millidə də debüt etməyə imkan tapmışdı.

Qeyd edək ki, ötən həftə Yunanıstan yığmasının atleti Voul Papaxristu Afrika ölkələrindən emiqrantlarına Twitter-də yazdığı irqçilik ifadələrinə görə kənarlaşdırılmışdı.
0