Aydın Bayramov: "Neftçi"yə qarşı oynamaq həmişə çətindir" - Müsahibə
27.02.2024 - 20:41
Aydın Bayramov: "Neftçi"yə qarşı oynamaq həmişə çətindir" - Müsahibə

“Turan Tovuz”un qapıçısı Aydın Bayramov apasport.az saytına müsahibə verib.

- "Turan Tovuz"la matçda "Neftçi" ilə bərabərə qaldınız. Səncə, bu görüşdə xal qazanan tərəf idiniz, yoxsa itirən?
- Matça çox yaxşı hazırlaşmışdıq. Oyuna da yaxşı başladıq. Ümumilikdə bu matçı yaxşı keçirdik. Hətta qələbəyə biz daha yaxın idik. Ancaq heç-heçə də pis nəticə sayılmamalıdır. Çünki turu xalla başa vurduq.

- Səncə, "Neftçi" ilə görüşdə qələbə qazanmağınıza nə mane oldu, şanssızlıq?
- Dediyim kimi, yaxşı futbol oynadıq. Qələbə qazana bilməməyimizə əsas səbəb, məncə, şanssızlıq idi. Çünki qol vurmağımız üçün dəqiq bir zərbə çatışmadı. Rəqib qapısı qarşısında bir neçə təhlükəli epizod yaratmışdıq. Futboldur da, bəzən belə də olur.

- Hesab 1:0 "Neftçi"nin  xeyrinə olarkən bir epizodda komandanı ikinci qoldan xilas etdin. Yəqin ki, həmin epizodda qol olsaydı, çətin ki, komanda bir xal qazanardı? Ümumiyyətlə, matçdan sonra komanda yoldaşların, məşqçilər korpusu bunu qeyd etdi?
- Xeyr, belə düşünmürəm. Mən sadəcə daim öz işimi görürəm. Bu oyunda da belə olmasına çalışdım. Yəni bunlar normal şeylərdir. Meydana çıxmışamsa, komanda üçün çalışmalıyam.

- İlk dövrədə Adrian Mutunun "Neftçi"sinə qarşı oynamaq çətin idi, yoxsa Miodraq Bojoviçin "Neftçi"sinə qarşı? Maraqlıdır ki, bu mövsüm "Neftçi"ni məğlub etməyi bacarmamısız...
- "Neftçi"yə qarşı oynamaq həmişə çətindir. Çünki usta futbolçulardan ibarət komandadır. Bu komandada hər an hesabı, matçın taleyini dəyişə biləcək keyfiyyətə malik oyunçular var. Onlara qarşı oynamaq heç zaman asan deyil. Bu dəfəki matç da çətin keçdi, əvvəlkilər də çətin alınmışdı.

- Hazırda "Turan Tovuz" yer aldığı mövqedən yəqin ki, narazıdır? Yoxsa, altıncı pillə sizin üçün yaxşı göstəricidir?
- Bizim məqsədimiz dəyişmir. Çalışırıq ki, bacardığımız qədər üst pillələrdə qərarlaşaq. Düşünürəm ki, bunu bacaracaq kollektivə sahibik. Yaxşı komandamız var. İnanıram ki, uğurlu nəticələr əldə edəcəyik. 

- Növbəti turdakı rəqibiniz "Zirə"dir. Onları səfərdə məğlub edə bilsəniz, daha üst pillələrə də iddia etməyiniz realdır. Səncə, "Zirə"ni səfərdə uda biləcəksiz?
- Hər oyuna maksimum nəticə qazanmaq üçün çıxırıq. Gördüyünüz kimi, Premyer Liqa bu mövsüm çox çətindir. Hər komanda digərinə qalib gələ bilər. Ona görə də, hər cür nəticənin baş verməsi mümkündür. Bizə düşən oyuna düzgün hazırlaşıb, maksimumumuzu qoymaqdır. "Zirə" ilə görüşdə də bunu edəcəyik.

- Azərbaycan Premyer Liqasında "Qarabağ"dan savayı bütün komandalar bir-biri ilə rəqabət aparır. "Qarabağ"ın digər komandalardan ayrı düşməsi, daha üst səviyyədə olmasını nə ilə əlaqələndirirsən?
- "Qarabağ" bu səviyyəyə çatmaq üçün illərdir ki, əziyyət çəkib. Səbr edərək oturuşmuş heyət, bəlli sistem qurmağa çalışdılar və bunu bacardılar. Zaman keçdikcə nəticə də gəldi.
 

0