Bəxtiyar Musayev: "Qarabağ"ın belə aciz qaldığını heç vaxt görməmişdim"
22.10.2024 - 19:21
Bəxtiyar Musayev: "Qarabağ"ın belə aciz qaldığını heç vaxt görməmişdim"

"Qarabağ" köklü "Ayaks" klubuna qarşı oynayacaq. Təəssüf ki, avrokuboklarda mövsümə yaxşı start verilməyib, iki oyuna iki məğlubiyyət qeydə alınıb".

Bu sözləri azərbaycanlı futbol mütəxəssisi Bəxtiyar Musayev apasport.az saytına açıqlamasında deyib.

O, "Qarabağ"ın Avropa Liqasındakı çıxışına münasibət bildirib. Musayev Azərbaycan çempionunun qarşıdakı turda "Ayaks"a qarşı keçirəcəyi matçdan gözləntilərini bölüşüb:

"Komandamıza öncə uğurlar arzulayıram. İnanıram ki, doğma meydançada adlı-sanlı rəqibə qarşı əvvəl gördüyümüz "Qarabağ"ı görərik. Çox istəyərdim ki, bu cür rəqibə qarşı oyunda qələbə bizim tərəfimizdə olsun. "Qarabağ"a uğurlar arzulayıram. Allah qoysa, üç xal bizdə olar. Bu çox önəmlidir. 

İlk oyunda "Tottenhem"ə qarşı Londonda oynadıq. Bəlkə çoxları üçün xırda gələ bilər, mənim üçün tıxac məsələsi böyük səbəblərdəndir. Komandamız orda üç saata yaxın tıxacda qaldı. Bu da öz təsirini göstərdi. Doğrudur, rəqibimiz matçın gedişində 10 nəfərlə qaldı. Amma "Tottenhem" qapısı qarşısında kifayət qədər 100 faizli qol imkanları yaratdıq. Təəssüf ki, bərabərlik də alınmadı, uduzduq. Mənim üçün ən gözlənilməz nəticə isə Bakıda "Malmö" ilə görüşdə oldu. "Qarabağ" hətta Avropada da yeganə komandalardan biridir ki, heç vaxt oyunun nəticəsinə baxmır. Görüşün gedişində 3:0 öndə olsa da, məğlub durumda olsa da, öz oyununu oynayır, oyun intizamından çıxmır. İlk dəqiqədən sona qədər mübarizə aparırlar, oyun intizamından qopmurlar. Son 3-4 ilin oyunlarına nəzər yetirsək, bəlkə də "Qarabağ" "Malmö" ilə görüşdəki kimi aciz qaldığını heç vaxt görməmişdim. "Malmö" ilk dəqiqələrdən topu özündə saxlamağı bacardı. "Malmö"də usta və böyük futbolçular olmasa da, komanda kimi yaxşı çıxış etdilər. "Qarabağ" isə bundan qat-qat güclü rəqiblərə qarşı çox inamlı təsir bağışlamışdı. İlk dəfə idi ki, "Qarabağ"ı sanki aciz gördüm. Ola bilər ki, komanda öz günündə deyildi. Bundan sonrakı matçlarda alışdığımız "Qarabağ"ı görərik. Komandamız həlledici görüşlərdən birinə çıxacaq. İnanıram ki, "Ayaks"la matçda "Qarabağ" gözəl oyun və yaxşı nəticə ilə dönüş yaradar və Avropa Liqasındakı komandalara "mən də varam" deyər. İndiki an üçün "Qarabağ"ın "Ayaks"la görüşü həlledici görüşdür. Uğurlar arzulayıram. İnanıram ki, qazancaqları uğurlu nəticə ilə azarkeşləri, futbol ictimaiyyətini sevindirəcəklər".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də baş tutacaq.

0