Canni de Byazi: “Bu durumdan məmnun deyilik”
17.06.2022 - 09:38
Canni de Byazi: “Bu durumdan məmnun deyilik”

“Futbolçular mövsüm ərzində bütün güclərini sərf edirlər və sonda qüvvələri tükənir. Biz məşqçilər də bu durumdan məmnun deyilik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində geridə qalan ilk 4 turu dəyərləndirərkən deyib.

Ölkəsinin mətbuatına açıqlama verən italiyalı mütəxəssis komandamızın aktivinə cəmi 4 xal yazdırmasının səbəbini futbolçuların yorğun olmasında görür. 66 yaşlı çalışdırıcının fikrincə, Qazaxıstan yığmasının qrupa liderlik etməsi də məhz bundan qaynaqlanır: “Qrupumuzda yer alan Qazaxıstanda çempionatın cəmi 10 turu geridə qalıb. Bu üzdən şərtlər hamı üçün eyni ola bilməz. Hətta onlar kağız üzərində daha güclü olan Slovakiyanı məğlub etdilər və 10 xalla qrupun lideridirlər. Bizdəki kimi mövsümün sonuna gəlmiş futbolçular yeni başlayanlarla eyni nəticəni verə bilməz”.

Qeyd edək ki, C liqasının III qrupunda Qazaxıstan (0:2) və Slovakiyaya (0:1) məğlub olan Azərbaycan yığması Belarusdan 4 xal (0:0, 2:0) alıb. Sentyabrın 22-də Slovakiyanın qonağı olacaq komandamız qrupda son matçını həmin ayın 25-də evdə Qazaxıstana qarşı keçirəcək.

0