“Burada zirvəyə çatmağa çalışan milli komanda yaratmaq istəyirik. Qrupumuzda Slovakiya favoritdir, digərləri ilə ikinci yer uğrunda mübarizə aparırıq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi deyib.
İtaliyalı mütəxəssis komandamızın Millətlər Liqasındakı çıxışı barədə fikirlərini bölüşüb. O, bu gün Belarusla neytral meydanda qarşılaşmalarına da toxunub: “UEFA-nın sanksiyası səbəbindən Belarusla səfər oyunumuzu Serbiyada, Novi-Sadda keçirəcəyik. 90 dəqiqə ərzində fikrimi yalnız matça cəmləməliyəm, başqa düşüncələrə yer olmayacaq”.
De Byazinin fikrincə, İtaliyada uğurlu çıxış etmək potensialında olan azərbaycanlı oyunçular var: “Azərbaycanın İtaliyada yaxşı işlər görə biləcək maraqlı gəncləri var. Xüsusən də, yığmada artıq debüt edən bəzi uşaqlar haqda düşünürəm. Amma işgəncə altında belə, ad çəkmirəm”.
Qeyd edək ki, C liqasının III qrupundakı ilk oyununda Qazaxıstana 0:2 hesabı ilə məğlub olan yığmamız bu gün Belarusla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.