Canni de Byazi: “Kuryoz qol komandanı əsəbləşdirdi”
03.06.2022 - 20:27
Canni de Byazi: “Kuryoz qol komandanı əsəbləşdirdi”

“İlk hissədə çoxlu imkanlarımız oldu, qol vəziyyətləri yaratdıq. 4-5 qol şansından yararlanmalı idik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla keçirilən ilk oyun barədə danışarkən deyib.

Nur-Sultandakı “Astana Arena”da baş tutan qarşılaşmada komandamız ikinci hissədə buraxdığı qollarla 0:2 hesabı ilə məğlub olub.

İtaliyalı mütəxəssisin matçın ardından mətbuat konfransında məğlubiyyət şərhi belə olub: “Birinci hissə ilə bağlı deyə bilərəm ki, burada olduğum müddətdə ən yaxşı hissə keçirdik. İkinci hissənin əvvəlində kuryoz qol buraxdıq. Ondan sonra diqqətsizlik etdik, ikinci qolu qapımızda gördük. Belə təcrübəli oyunçuların bu cür səhvləri yaxşı hal deyil. Hesab 0:2 olduqdan sonra da oyunu dəyişə bilmədik”.

De Byazi heyət seçimində yanılmadığını düşünür: “Adətən uduzanda səhv məşqçinin olur. Bu gün ilk “11-lik” oyuna çox yaxşı başladı. Təəssüf ki, hücumları məntiqi sonluqla yekunlaşdırmağı bacarmadıq. Öz imkanlarından yararlana bilmirsənsə, bu, sonradan sənə problem yaradır. Qələbə qazanmaq istəyirsənsə, ələ düşən imkanları dəyərləndirməlisən. Həmçinin şans amili də öz rolunu oynadı. Heç nədən kuryoz qol buraxdıq və bu, komandanı meydanda əsəbləşdirdi. Çox keçmədən də ikinci topu buraxdıq”.

O, iyunun 6-da Belarusla Serbiyada keçiriləcək matçda heyətdə rotasiya edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: “İndidən nəsə deyə bilmərəm. Bundan sonra 5 saat yarım yol uçacağıq. Sabah səhər oyanandan sonra heyətdə rotasiya edib-etməyəcəyimizə baxacağıq”.

1