Dmitri Karamarenko: “Azərbaycanın ilk oyunu səfərdə keçirməsi yaxşıdır” - MÜSAHİBƏ
02.06.2022 - 11:36
Dmitri Karamarenko: “Azərbaycanın ilk oyunu səfərdə keçirməsi yaxşıdır” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq qapıçısı və qapıçı-məşqçisi Dmitri Karamarenko Qazaxıstan mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah baş tutacaq Qazaxıstan – Azərbaycan matçını dəyərləndirib.

Hazırda Moskva MOİK-ində qapıçılarla işləyən məşqçi kimi çalışan Kramarenko yığmamıza azarkeşlik edəcəyini söyləyib.

- Qazaxıstan və Azərbaycan yığmaları Millətlər Liqasının yeni mövsümünü Nur-Sultanda keçiriləcək oyunla açır. Mövsümə səfərə başlamaq Azərbaycan üçün müsbət, yoxsa mənfi haldır?
- Oyun gərgin, maraqlı keçəcək. Millilərimiz arasında matçlar həmişə maraqlı, kifayət qədər gərgin alınır, bu və ya digər tərəf üçün asan olmur. Prinsipcə, ilk oyunu səfərdə keçirmək daha yaxşıdır.

- Vaxtilə yoldaşlıq görüşündə Qazaxıstana qarşı çıxış etmisiniz. Həmin matçdan təəssüratlarınız necədir?
- Onda 3:2 hesabı ilə qalib gəldik, təəssüratlar ən yaxşısı idi. Stadion dolu idi, Qazaxıstan azarkeşlərindən çox yaxşı dəstək oldu. Səhv etmirəmsə, 2:1 hesabı ilə öndə idi, rəqib 2:2 elədi və sonda 3:2 hesablı qələbə qazandıq. Görüşün bitməsinə az qalmış qələbəni qopara bildik. Qazaxıstan millisində kifayət qədər bacarıqlı oyunçular var idi. Dolu tribunalar önündə qalib gəlmək xoşdur.

- 2004-cü ildə Qazaxıstan “Jenis” klubuna keçsəniz də, heç bir rəsmi oyununa çıxmamısınız. Sonra nə oldu?
- Hər şey çox sadədir: razılaşa bilmədik. Təkcə maliyyə baxımından deyil, bəzi texniki məsələlər də var idi. “Jenis”in həmin rəhbərliyinə minnətdaram, çünki onlar bəzi texniki məsələləri həll etməyə çalışdılar. Bunun üstündən 20 il vaxt keçib. Texniki məqamlar “Jenis”də oynamağıma imkan vermədi.

- Hazırda Moskva MOİK-i ilə Azərbaycan millisində eyni anda çalışırsınız? Bu çətin deyil?
- Artıq bir ilə yaxındır ki, Azərbaycan millisində çalışmıram. 2021-ci ilin mayından yığmada fəaliyyət göstərmirəm. Sizin də dediyiniz kimi, eyni anda iki yerdə işləmək asan deyildi. Bir ildən çoxdur MOİK-dəyəm, orada hər şey yaxşı gedir. “Ordu” klubunda eyni zamanda gənc qapıçılarla da paralel çalışıram. Əsas qapıçımız İqor Akinfeyevdir.

- Hazırda Qazaxıstanda çıxış edən Emil Balayevin oyun təcrübəsi azır. Sizcə, onun fiziki və psixoloji durumu necə olar?
- Emil Balayev Qazaxıstanda daha çox oynamalıdır. Düşünürəm ki, növbəti bir neçə görüşdə optimal formasını bərpa edəcək və “Tobol”da olduğu dönəmdəki kimi yaxşı oyun tempi qazanacaq. Ona həm Qazaxıstan klubunda, həm də təbii ki, Azərbaycan millisində uğurlar arzulayıram.

- “Astana Arena”nın süni meydançası milli komandanızın futbolçularına problem yaratmayacaq?
- Hesab edirəm ki, bu, komandamız üçün böyük problem olmayacaq. Çünki Azərbaycanda keyfiyyətli süni örtüklü sahələr kifayət qədərdir. “Astana Arena”nın da süni örtüyü yaxşıdır. Ona görə də uyğunlaşma baxımından, bəlkə ilk 20-25 dəqiqəyə alışmaq lazım gələcək, sonra hər şey qaydasına düşəcək.

- Qazaxıstan - Azərbaycan matçında necə mübarizə gözləyirsiniz?
- Hər iki komanda ilk oyuna optimal vəziyyətdə çıxacaq. Hər ikisində səviyyəli oyunçular var. Nəticəni proqnozlaşdıra bilmərəm, amma mənə elə gəlir ki, şanslar bərabərdir. Təbii ki, milli komandama - Azərbaycan yığmasına azarkeşlik edəcəyəm. Hər iki komandaya Millətlər Liqasında uğurlar arzulayıram.

0