Elhad Nəziri: “Futbolçular bu hesaba görə mənə cavab verəcəklər”
31.10.2024 - 20:25
Elhad Nəziri: “Futbolçular bu hesaba görə mənə cavab verəcəklər”

"Sözün açığı, hesabın belə olacağını heç gözləmirdik. Futbolçuların kubok oyununa bu cür yanaşması, verdiyim tapşırıqları düzgün yerinə yetirməmələri və meydana saymazyana çıxmalarının nəticəsində 1:5 hesabı ilə məğlub olduq".

Bu sözləri apasport.az saytına açıqlamasında "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri deyib.

Mütəxəssis "İmişli" ilə matçı dəyərləndirib: "Rəqibi təbrik edirəm. Oyuna yanaşma və xarakter baxımından bütün günah oyunçularımdadır. Amma onları bu oyuna kökləməmək və daha hazırlıqlı şəkildə meydana çıxarmamaq mənim günahımdır. Demək ki, bəzi məqamlarda oyunçularıma həddən artıq özünəinam, rahatlıq verməməliydim ki, görüş bu nəticəylə bitməsin. Cəza məsələsinə gəlincə, bununla bağlı oyunçularla danışmışam. Bu, komandadaxili məsələdir. Nələr baş verdiyini, nəyə görə 1:5 hesabı ilə məğlub olduqları haqda mənə cavab verəcəklər. Bunların hamısı analizlərdən sonra olacaq. Önümüzə baxmalıyıq. Belə oyunlar bizi böyüdür. Həm oyunçuları, həm də məşqçi kimi məni. Təbii ki, bu, futboldur. Futbolda hər şey olur".

Nəziri diqqətini I Liqaya yönəltdiyini söyləyib: "Qarşımızda uzun bir yol var. Planımız, ağlımız çempionata yönəlib. Birinci dövrədə ağır 3 oyunumuz qalıb. Çətin 3 tur bizi gözləyir. “Karvan”, “Sportinq” və "Qəbələ" səfəri... Deyərdim ki, çempionatın ən iddialı 3 komandasına qarşı oyunlarımız qalıb. Amma buna baxmayaraq meydana qələbə üçün çıxacağıq. Çalışacağıq ki, turnir cədvəlindəki yerimizi qoruyaq və xal hesabımızı artıraq".

Qeyd edək ki, "Cəbrayıl" "İmişli"yə 1:5 hesabı ilə uduzaraq ölkə kubokunda mübarizəni dayandırıb.

İsmayıl Xeyrullayev

0