Estoniya millisinin sabiq kapitanı: "Bu oyunun favoriti Azərbaycandır" - Müsahibə
11.10.2024 - 16:32
Estoniya millisinin sabiq kapitanı: "Bu oyunun favoriti Azərbaycandır" - Müsahibə

Estoniya millisinin sabiq kapitanı Dmitri Kruqlov apasport.az saytına müsahibə verib.

Uzun illər Azərbaycanda legioner həyatı yaşamış veteran futbolçu bu gün Tallində keçiriləcək Estoniya – Azərbaycan matçı haqda danışıb.

- Bu gün Estoniya millisi Azərbaycanla qarşılaşacaq. Səncə, Estoniyanın hazırkı durumu hansı vəziyyətdədir?
- Təbii ki, hər zaman daha güclü heyətlə oynamaq istəyirsən. Hazırda Estoniya millisinin hücum xəttində bəlli problemlər var. Amma məncə, Estoniya millisinin məşqçilər korpusu bununla bağlı düzgün qərar verəcək və həll yolunu tapacaqlar. Oyun zamanı vəziyyəti görəcəyik.

- Tallində bu iki komandaların son görüşündə Azərbaycan 2:0 hesabı ilə qələbə qazanmışdı. Səncə, son görüşdəki nəticə bugünkü oyuna təsirini göstərəcək?
- Bəli, həmin oyunu xatırlayıram. Oyunu izləyirdim. Təsirə gəlincə, bu yalnız bərpa mənasında və fiziki vəziyyət baxımından təsir edə bilər. Digər məsələlər haqda isə bir söz deyə bilmərəm.

- Bu gün keçiriləcək oyunla bağlı proqnozun necədir?
- Proqnoz? Əslində, proqnoz verməyi sevmirəm. Amma ümid edirəm ki, Estoniya qələbə qazanacaq.

- Azərbaycan millisi haqda hansı fikirdəsən? Bizim millinin yeni çalışdırıcısı Fernandu Santuşdur. Amma nəticə hələ ki, yoxdur. Səncə, niyə belədir?
- Düzünü demək lazımdır, bu oyunun favoriti Azərbaycandır. Amma nəsə demək çətindir. Yəni niyə nəticələr eynidir.. Nə deyim? Azərbaycanda çox keyfiyyətli oyunçular var. Sadəcə səbr etmək və Fernandu Santuşa zaman vermək lazımdır. Necə olacağını isə təbii ki, zaman göstərə bilər.

- Səncə, Azərbaycan Tallində qalib gələrsə, Estoniya millisi çox tənqid olunacaq?
- Ümidvaram ki, Estoniya qalib gələr. Amma məğlub olarsa, təbii ki, Estoniya millisinə tənqidlər olacaq. Mütləq. Amma nə dərəcədə güclü olacaq, onu deyə bilmərəm. Ümid edirəm ki, Azərbaycanla görüşdə bizdə daha çox pozitiv məsələlər olacaq, nəinki neqativ. Maraqlı oyun olacağı dəqiqdir.

0