Hüseyn Məhəmmədov: "Yerli mütəxəssislərə şans vermək daha yaxşıdır"
16.10.2024 - 19:53
Hüseyn Məhəmmədov: "Yerli mütəxəssislərə şans vermək daha yaxşıdır"

"Samir Abasovun "Neftçi"yə gəlməsi mənim üçün də sevindiricidir. O, "Neftçi"də çempionluq qazanıb, işləyib. Daha ideal variant bu idi".

Bu sözləri apasport.az saytına açıqlamasında "Neftçi"nin sabiq qolkiperi Hüseyn Məhəmmədov deyib.

O,  Samir Abasovun "ağ-qaralar"ın baş məşqçi postuna keçidini şərh edib: "Samir daxili çempionatımızı, futbolçularımızı, "Neftçi"ni, rəqibləri tanıyır. Gənc məşqçi kimi özünü də göstərib. "Neftçi" üçün yaxşı seçim idi. Bizi tanımayan, futbolumuza bələd olmayan legioner məşqçilərdənsə, yerli mütəxəssislərə şans vermək daha yaxşıdır. Özüm də bunun tərəfdarıyam. Təsəvvür edin, kənardan məşqçi gələcəkdi, futbolçularımızı, futbolumuzu tanımağına, adaptasiyasına nə qədər vaxt lazım olacaqdı. Zaman keçdikcə nəticələr olmayacaqdı. İddialı komandalarda bu, qəbuledilməzdir. "Neftçi", "Qarabağ", "Zirə"də yerli məşqçilərdir. Uzun illərdir ki, ardıcıl gəlir. Hər halda, məşqçi komandaları, futbolçuları, Azərbaycan futbolunu tanıyanda, işin keyfiyyəti də yaxşı olur. Ona görə də Samir Abasovun "Neftçi"yə gəlməsi əla fikirdir, mən də bəyəndim. Samir üçün "Neftçi" yad komanda deyil. Xeyli müddətdir burada işləyib, çempionluq qazanıb. O da çalışacaq ki, komandanı lazımı səviyyədə yuxarılara qaldırıb, ad-sanı qaytarsın. Buna inanıram".

0