UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən Belarusun “Dinamo” (Minsk) klubunun futbolçusu Karen Vardanyan matçdan sonra Apasport.az saytının suallarını cavablandırıb.
– Komandanız iki top geriyə düşsə də, sınmadı. Belə bir başlanğıcı gözləyirdiniz?
– Əlbəttə ki, yox. Oyuna istədiyimiz kimi başlaya bilmədik. Amma şükürlər olsun ki, matçın gedişatını dəyişə bildik və hər şey yaxşı alındı.
– Cavab oyunundan nə gözləyirsiniz? Qarşılaşma neytral meydanda keçiriləcək.
– Bu, hələ tərəflərin ilk oyunudur. Nə baş verəcəyini əvvəlcədən heç kim deyə bilməz. Biz əlimizdən gələni edəcəyik, sona qədər mübarizə aparacağıq və növbəti mərhələyə yüksələcəyimizə ümid edirik.
– “Neftçi”nin də cavab matçında nəsə edə biləcəyini düşünürsünüz?
– Bəli, onlar yaxşı komandadır. Heyətlərində keyfiyyətli futbolçular var. Heç bir halda rəqibi kiçiltməyəcəyik. Yüz faiz gücümüzlə mübarizə aparacaq və növbəti mərhələyə yüksəlmək üçün hər şeyi edəcəyik.
– Bu oyunu Avrokuboklardakı ən yaxşı matçınız hesab etmək olar?
– Bəli, demək olar. Bakı bu baxımdan mənim yaddaşımda qalacaq.
– Bakıda qol vurmaq sizin üçün prinsip məsələsi idi?
– Xeyr. Bakı ilə bağlı xüsusi prinsipiallığım olmayıb. Sadəcə, bu, Konfrans Liqasında çox vacib oyun idi. Rəqibin kim olması və oyunun harada keçirilməsi mənim üçün fərq etmirdi.
– Fasilədə baş məşqçi komandaya nə dedi ki, ikinci hissədə tam fərqli oyun sərgilədiniz?
– Bu sualı məşqçiyə vermək lazımdır. Mən bu barədə danışmaq istəmirəm.
– Cavab görüşündə də qol vuracağınıza inanırsınız?
– Ümid edirəm ki, bəli. Buna zəmanət verə bilmərəm. Amma bunun üçün əlimdən gələni edəcək, maksimum çalışacağam.
Qeyd edək ki, Karen Vardanyan oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Freddi Varqas yenidən “Neftçi”də – Futbolçu Bakıdadır
- “Neftçi” və “Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
- “Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı
- Yeni mövsümdə ilk böyük imtahan – “Neftçi”dən nə gözləyək?
- ÇSKA-ya UEFA-dan sərt cəza – "Qarabağ"la oyuna azarkeşsiz gələcəklər