MOİK-in baş məşqçisi: "Heyətimiz kasaddır, bizə çətin olacaq"
22.01.2024 - 20:44
MOİK-in baş məşqçisi: "Heyətimiz kasaddır, bizə çətin olacaq"

1-ci liqanın iddialılarından MOİK heyətini elita təcrübəsi olan oyunçuyla gücləndirib. 

Apasport.az xəbər verir ki, "hərbçilər" "Araz-Naxçıvan"ın futbolçusu Nihad Qurbanlını icarəyə götürüb.

Oyunçu mövsümün sonuna kimi MOİK-də oynayacaq. 1-ci liqa təmsilçisinin baş məşqçisi Qəzənfər Abbaaov saytımıza açıqlamasında transferlə bağlı bunları dedi: 

"Heyətimiz kasaddır. Sərəncamımda 18-19 futbolçu var. Qarşıda isə çempionatın 2-ci raundu var. Bizə çətin olacaq. Ona görə də heyətimizi gücləndirmək qərarına gəldik. Nihad Qurbanlını "Səbail"də çıxışından tanıyıram. Meydanda xarakter göstərən, vuruşmağı bacaran oyunçudur. Yaxşı insani keyfiyyətlərə də malikdir. Onu heyətimizə cəlb etməklə komandamızdakı müəyyən boşluğu aradan qaldırmağa çalışacağıq. İnanıram ki, yaya qədər Nihad bizə çox fayda verəcək"

Abbasov yeni transferlər üçün işlərin davam etdiyini də bildirib:

"Transfer çalışmalarımız hələ bitməyib. Danışıqlar apardığımız oyunçular var. Onlar əsasən 1-ci liqa təcrübəsi olan oyunçulardır. Qarşılıqlı razılığa gələ bilsək, bir neçə oyunçu da sıralarımıza qoşulacaq". 

Abdulla İsmayıloğlu

0