Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub - FOTOLENT
02.10.2022 - 12:17
Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub - FOTOLENT

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışı olub.

Apasport.az saytının Naxçıvana ezam olunmuş əməkdaşının məlumatına görə, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç, gənclər və idman naziri Fəriq Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.

İlk olaraq çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov Azərbaycanda şahmat ənənələrinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin şahmatın inkişafına böyük diqqət göstərdiyini bildirib.

Ardınca çıxış edən Arkadi Dvorkoviç Naxçıvanla bağlı xoş fikirlər səsləndirib, şahmatın inkişafı üçün yaradılan yüksək şəraitdən məmnunluğunu ifadə edib: “Burada kifayət qədər istedadlı şahmatçılar yetişir. Pandemiya ilə bağlı yaranmış problemlərdən sonra, nəhayət ki, bu gün Olimpiada üçün bir aradayıq. Gənc şahmatçılar burada özlərinə yeni dostlar qazanacaq, inkişaf edəcəklər. Bu turnirin təşkilatçılığına görə, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Daha sonra söz alan Mahir Məmmədov Azərbaycanın bütün dünyada həm idman, həm də şahmat ölkəsi kimi tanındığını söyləyib: “Bir neçə gün əvvəl ölkəmizin mədəniyyət paytaxtı olan əziz Şuşamızda ilk beynəlxalq şahmat turnirini izləmək imkanımız oldu. 2016-cı ildə Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadası bu yarış tarixinin ən uğurlu turnirlərindən biri oldu. Naxçıvanda 19 il əvvəl 20 yaşadək gənclər arasında dünya çempionatı yüksək səviyyədə keçirilib. Naxçıvan mütəmadi olaraq beynəlxalq turnirlərə ev sahibliyi edib. Naxçıvanda dünyada az-az rast gəlinən idman sarayı var. Naxçıvanın orta məktəblərinin hamısında şahmat tədrisinin olmasını xüsusi qeyd eləməliyəm. Son illər bu kütləviliyin sayəsində naxçıvanlı gənclər inkişaf etməyə, tanınmağa başlayıblar. Əminəm ki, bu hələ başlanğıcdır. Azərbaycan şahmatçıları daim dünya sıralamasında güclülər sırasında yer alıb. Təşkilar Komitəsinin, qonaqların özlərini evlərindəki kimi hiss etmələri üçün əlimizdən gələni edəcəyik. Bütün iştirakçılara da uğurlar arzulayıram”.

Bunun ardından Olimpiadanın baş hakimi yarışın qaydaları barədə məlumat verib, həmçinin püşk atılıb.

Mərasim bədii hissə ilə davam edib.

Qeyd edək ki, 23 ölkənin qatıldığı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan 5 komanda ilə - “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4” və “Azərbaycan-Naxçıvan”la təmsil olunacaq. Bu gün startı veriləcək Olimpiada oktyabrın 10-dək davam edəcək. 

0
DİGƏR XƏBƏRLƏR
Loading...