Premyer Liqaya hansı komandalar yüksələcək? – Elitada 3 yeni klub
04.02.2025 - 15:38
Premyer Liqaya hansı komandalar yüksələcək? – Elitada 3 yeni klub

Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Yığıncaqda ölkə futbolu ilə bağlı 3 ciddi dəyişiklik qərarı verildi.

Birincisi, AFFA-nın baş katibi vəzifəsində yeni təyinat oldu. Bu postda Sərxan Hacıyevi Cahangir Fərəcullayev əvəzlədi.

İkincisi, Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alındı. 

Əvvəlki illərdən fərqli olaraq, öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.

Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.
 
Üçüncüsü, Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alındı.

Hər üç qərarın da ayrı-ayrılıqda öz hökmü, yol açdığı ciddi dəyişiklikləri var. Lakin mənə ən maraqlı gələn və ən çox sevindirən üçüncü qərar oldu. Ölkə çempionatında komanda sayının artması həqiqətən də gözəl addımdır. 

Bəli, futbolsevərlərin illərdir gözlədiyi qərar nəhayət qəbul olundu. Artıq eyni komandaların mövsüm ərzində bir-biri ilə azı 4 dəfə qarşılaşmasını izləməyəcəyik. Burası gözəl. 

Son illəri nəzərə almasaq, uzun zaman Premyer Liqaya çıxarmaq üçün heç 1 klub belə tapmaq olmurdu. Hər zaman deyirdik ki, niyə komanda sayı artmadı, I Liqada çempion olan komanda nə üçün kənarda qaldı? Öncə bunun səbəblərindən danışmaq lazımdır. Komandanın bir liqadan digərinə yüksəlməsi üçün öncə lisenziya tələblərini qarşılaması lazımdır. 

Həmin lisenziya qaydalarına bir çox element daxildir: infrastruktur, akademiya, maliyyə, kütləvilik və s. 

Təbii ki, AFFA bunların bir çoxunda yüksək göstəricisi olan klublara müəyyən güzəştlər etməyə çalışır. Lakin 5-6 il öncə heç güzəştlə də Premyer Liqaya yüksəldiləcək komanda yox dərəcəsində idi. Son illərdə isə “Kəpəz”, “Turan Tovuz”, “Araz-Naxçıvan” kimi klublar elitaya qayıtdılar. Ardınca “Şamaxı” I Liqaya düşməyin həyatın sonu olmadığını göstərdi və 1 ildən sonra yenidən Premyer Liqaya döndü.

Bu il isə I Liqada ciddi mübarizə gedir. Hazırda I Liqa klubları əvvəlki illərə nisbətdə çox yol qət edib. Bunların bir çoxunda ciddi irəliləyişə malik komandalar da az deyil. Həmin aşağı liqa komandalarının peşəkarlığa doğru yol aldığını, bir neçəsinin artıq mövsümün əvvəlindən Premyer Liqaya hazırlaşdığını söyləmək olar. 

Yəqin ki, I Liqada canı ilə əlləşən komandaların da varlığından xəbərdarsız. Onların növbəti mövsüm Premyer Liqada iştirakı təbii ki, inandırıcı deyil. Amma elita üçün iddialı azı 5 klub var.

Həmin səbəbdən komanda sayının 10-dan 12-yə artırılması qərara alındı. Premyer Liqanın sonuncusu I Liqaya yuvarlanacaq, oranın “ilk 3-lüy”ü isə elitaya gələcək. “İlk 3-lüy” deyərkən nəzərdə tutduğum turnir cədvəlindəki sıralar deyil, lisenziya şərtlərinə cavab verən komandalardır.

Bəs hansı komandalar elitaya yüksələ bilər? Əsas namizədlər kimlərdir? Açığı, komanda sayının artırılacağından yaydan məlumatlıyam. Bu suallar ətrafında çox təhlillər aparıb, düşünmüşəm. 

Könül istərdi ki, I Liqanın 10 komandasını da Premyer Liqaya birləşdirib 20 klubluq çempionat təşkil edilsin. “Qəbələ”, “Karvan”, MOİK elitaya qayıtsın, Zaqatala, İmişli, Mingəçevir kimi regionlar yenidən yüksək liqa matçlarına şahidlik etsin. “Qaradağ Lökbatan”, “Difai”, “Baku Sporting” də bu mübarizəyə qoşulsun. Lakin reallıqlarla yaşayan insanlar bunların hamsının birdən mümkün olmadığını bilir. Ən azından indiki durumda.

Yuxarıda qeyd etdiyim kimi, lisenziyalaşdırma bir neçə meyar əsasında aparılır. Azərbaycan klublarının burda ən çox çəkdikləri isə bunlardır: gənclər komandaları və onların rəsmi yarışlarda iştirakı, təlim-məşq obyektləri, idman qurğuları, təsdiqlənmiş stadion, minimum ixtisas dərəcəsində işçi heyəti və maliyyə məsələsi.

Gənclər komandaları və onların rəsmi yarışlarda iştirakı Azərbaycan liqalarının hər birinə uyğun formada, fərqli nisbətdə tənzimlənir. I Liqadan Premyer Liqaya yüksəlmək istəyən klubların isə həmin mövsüm ya AFFA-nın U-11-14 çempionatlarından, ya da U-15-19 liqalarından ikisində komandası iştirak etməlidir.

Əsas namizədlərdən birincisi “Qəbələ”dirsə, digər komandaların hansılar olacağı sual doğurur. Düşünürəm ki, “Karvan”la “İmişli” bu nominasiyada ikinci və üçüncü klub ola bilərlər. “Zaqatala”, MOİK və “Mingəçevir”in də bu yöndə şansları var. Həmin klubları tək-tək analiz etsək:

“Qəbələ”: AFFA-nın Lisenziyalaşdırma qaydalarının demək olar ki, hamsına riayət edən peşəkar klubdur. Elitanı ötən mövsüm tərk edən “qırmızı-qaralar” Premyer Liqaya yüksəlməyə ən real namizəddirlər. Komanda bunu nətcələri ilə də sübut edir. Keçirdiyi 12 matçda qol buraxmayan “Qəbələ” liderliyini davam etdirir. Öz stadionu, akademiyası, bazası olan klubun 8 yaş qrupunda keçirilən liqalardan 7-də komandası var.

“Karvan”: 15 il öncə 2010-cu ildə elitanı tərk edən Yevlax təmsilçisi nəinki Premyer Liqa, hətta avrokubok təcrübəsinə malikdir. Komandanın öz stadionu, akademiyası, şəhərinin isə futbol ənənələri var. “Karvan” lisenziya qazanmaq üçün tələb olunan U-11-14 çempionatlarının ikisində təmsil olunur. Klubun 12 və 13 yaşadək futbolçulardan ibarət komandaları AFFA-nın turnirlərində iştirak edirlər. 

“İmişli”: Futbol ənənəsi olan regionun təmsilçisinin durumu da yaxşıdır. Klubun həm maliyyə dəstəyi, həm də infrastrukturu yerindədir. Həmçinin “İmişli” mövsümün əvvəlində stadionun ot örtüyünü yenilədi. Yaxın zamanlarda arenada əsaslı təmir işlərinin aparılması da gözlənilir. Aran təmsilçisi heyət baxımından da geniş heyətə malikdir. Hətta komandanın iki fərqli heyətə sahib olduğunu da söyləmək olar. “İmişli”nin 8 yaş qrupundan 4-də komandaları təmsil olunur. Kütləvilik baxımından azarkeşləri də olan klubdur.  

“Zaqatala”: Uzun illər Premyer Liqada çıxış edən “Simurq”un məntiqi davamçısıdır. Komanda tam olaraq həmin klubun varisi olmadığını bildirsə də, bu, reallıqdır. “Zaqatala”nın həm stadionu var, həm də rayonun Premyer Liqa təcrübəsi. Bu regionda futbolun necə sevildiyini yəqin ki, bilirsiz. Klub aşağı yaş qruplarının 4-də təmsil olunur. Ki, bu, olduqca yuxarı göstəricidir.

MOİK: Ordu klubu müxtəlif dövrlərdə Premyer Liqada çıxış edib. Komanda aşağı liqaya düşüb, elitaya qayıtmaqda rekordçudur. Böyük azarkeş kütləsi olmasa da, gənc və yerli futbolçuların yüksək səviyyədə oyunlar keçirməsi üçün idealdır. Hətta legioner limitinin ləğvindən sonra bu kluba daha çox ehtiyac yarandığını söyləyə bilərəm. Digər klublar əcnəbi futbolçularla heyət qurarkən, yerli və perspektivli gənclər MOİK-də özünü doğrulda bilərlər.

“Mingəçevir”: Əslində Qərb təmsilçisinin növbəti mövsüm üçün elitaya yüksəlməsi inandırıcı deyil. Həm rəhbərlik yenidir, həm klub hazır deyil, həm də rəsmilər açıqlamalarında önümüzdəki mövsüm üçün belə planlarının olmadığını bildiriblər. Amma yenə də digər klublardan hansınınsa Premyer Liqaya yüksəlmək yolunda ciddi problemi çıxsa, “Mingəçevir” üçün yol görünə bilər. Bu şəhər də futbol ənənələrinə malikdir. Həmçinin ASTA-nın sponsorluğundan sonra klubun maliyyə durumu da düzəlib. 

Ümumi mənzərə belədir. Düşüncəmə görə, klubların elitaya yüksəlmək şansları yazdığım ardıcıllıqladır: “Qəbələ”, “Karvan” və “İmişli”. Əgər bu klublardan birində və ya bir neçəsində problem yaranarsa, növbə digər üçlüyə düşəcək. 

“Qaradağ Lökbatan”, “Cəbrayıl”, “Baku Sporting” və “Difai”nin isə hələ bir neçə ili var. Klubların ciddi maliyyə və stadion problemləri var. Bu, I Liqa üçün yetərli ola bilər, lakin Premyer Liqaya hazır deyillər. 

Nəticə etibarilə 3 klub elitaya yüksələcək və I Liqada 7 komanda qalacaq. Belə olan halda, II Liqanın 3 klubuna da yol açılacaq. Bunlardan ikisinin “Şahdağ Qusar” və “Şəfa” olacağını düşünürəm. Digər komanda isə ya “Şimal”, ya da “Hypers Guba” ola bilər.

Yaxın 10 ildə 20 komandalı Azərbaycan Liqası görmək ümidi ilə yeni iştirakçıların adlarını gözləyirik…

İsmayıl Xeyrullayev

0