Qalmaqallı həyat, tez-tez iş yeri dəyişən və təzminatla “Neftçi”də 
22.06.2022 - 09:56
Qalmaqallı həyat, tez-tez iş yeri dəyişən və təzminatla “Neftçi”də 

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf indidən müzakirə mövzusuna çevrilib.

Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis qazandığı titullar yox, qalmaqallı həyatı və tez-tez iş yeri dəyişməsi ilə ölkəsində məşhurdur.

2010-cu ildə məşqçiliyə başlayan Regekampfın hələ 47 yaşı tamam olmasa da, artıq 16-cı təyinatını alıb. Karyerasının böyük hissəsi ölkəsinə həsr olunan Regekampf Səudiyyə Ərəbistanı, Bolqarıstan və Birləşmiş Ərəb Əmirliklərində də işləmək fürsəti əldə edib. Ancaq ölkə xaricində bir klubda ən çox 1 il 9 ay qala bilib. Ümumiyyətlə, rumıniyalı karyerası ərzində bir yerdə maksimum 2 il qala bilib. Yalnız “Styaua” iki dəfə ona bu qədər dözə bilib.

Ötən ilin yayında “Universitatya Krayova”nın sükanı arxasına keçən Regekampf məhz oradan ayrılaraq “Neftçi”yə təyin olunub. Halbuki mütəxəssisin Krayova klubundan ayrılmaq fikri yox idi. Rəhbərlik onunla gələn ilin yayına qədər olan müqaviləyə xitam vermək istəsə də, məşqçi sözləşməsindəki 300 min avroluq təzminat pulundan vaz keçmirdi. Yalnız “Neftçi” variantı ortaya çıxandan sonra Regekampf “Universitatya Krayova”dan 180 min avroluq təzminat qarşılığında ayrılmağa razılıq verib.

Regekampfın “Universitatya Krayova”da çalışdığı zaman əsas qalmaqallardan biri onun futbolçularına ziyafət keçirmələrinə və içki içmələrinə icazə verməsi ilə yaşanmışdı.

Laurentsiu Regekampf özündən 3 yaş böyük məşhur rumıniyalı menecer Anamaria Prodanla evli olub. Cütlük hazırda boşanma prosesindədir. Ötən həftə baş tutan son məhkəmədə qərara alınıb ki, məşqçi uşağı üçün aylıq aliment ödəməlidir. Bu isə onun qazancının üçdə birini tutacaq. İşsiz qaldığı zaman isə bu məbləğ 500 ley (180 manat) təşkil edəcək. Həmçinin övladı ayda iki gün Regekampfla qala bilər.

Qeyd edək ki, Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. Rumıniyalı mütəxəssis bu postda Samir Abasovu əvəzləyib.
 

0