“Qarabağ”ın rekord seriyası qırıldı
10.11.2023 - 12:58
“Qarabağ”ın rekord seriyası qırıldı

“Qarabağ” avrokubokların 2023/24 mövsümündə ilk dəfə meydanı qol vurmadan tərk edib.

Apasport.az xəbər verir ki, Ağdam klubunun qol seriyası Avropa Liqasının “Bayer”lə görüşündə qırılıb.

Qurban Qurbanovun komandası qrup mərhələsinin IV turunun Bakıdakı matçında 0:1 hesabı ilə uduzub. Bunadək qarşısıalınmaz “Qarabağ” ardıcıl 11 oyunda qol sevinci yaşayıb.

Çempionlar Liqasının “Linkoln” (2:1, 4:0) və “Rakuv”la (2:3, 1:1) qarşılaşmalarında başlayan bu uğurlu seriya Avropa Liqasında da davam edib. Qurban Qurbanovun yetirmələri öncə HİK (2:1, 2:1) və “Olimpiya” (2:0, 1:1), qrupda isə “Molde” (1:0), “Hekken” (1:0) və “Bayer”in (1:5) qapısına yol tapıb.

Komanda keçirdiyi 11 görüşdə 19 qola imza atıb. “Qarabağ” sonuncu dəfə ötən mövsümün “Gent”lə oyunundan (0:1) qolsuz ayrılmışdı.

Qeyd edək ki, ardıcıl 11 matçda fərqlənən “Qarabağ”ın bu göstəricisi Azərbaycan klublarının avrokuboklardakı rekordudur. Bunadək ən yüksək göstərici ardıcıl 10 görüşə bərabər idi. 

0