“Qəbələ” Albaniya millisinin hücumçusu ilə maraqlanır
16.06.2022 - 11:36
“Qəbələ” Albaniya millisinin hücumçusu ilə maraqlanır

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qəbələ” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisi, xüsusən də, mərkəz hücumçusu axtarışlarını sürətləndirib.

“Qırmızı-qaralar”ın maraq dairəsində olan forvardlardan biri də “Tirana”da çıxış edən Taulant Seferidir. Rəhbərlik baş məşqçi Elmar Baxşıyevin bəyəndiyi 26 yaşlı oyunçunun icarəyə götürülməsi variantı üzərində çalışır.

Ancaq Seferini Azərbaycana gətirmək “Qəbələ” üçün heç də asan olmayacaq. Çünki birincisi, ötən ilin yayında “Teuta”dan icarədən qayıdan Albaniya millisinin üzvü geridə qalan mövsüm “Tirana”nın aparıcı simalarından birinə çevrilib. İkincisi isə klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan Taulantı Azərbaycan Premyer Liqasının digər komandaları, həmçinin Avropanın başqa klubları da izləyir.

Qeyd edək ki, ötən mövsüm ümumilikdə 43 oyunda 18 qol vurub, 10 məhsuldar ötürmə verən Taulant Seferi 2019-cu ildən Albaniya millisinə də çağırılır. Əslən Şimali Makedoniyadan olan Seferi 2014-cü ildə bu ölkənin əsas yığmasının heyətində 2 yoldaşlıq görüşündə iştirak edib.
 

0