Qurban Qurbanov: "O mənə dedi ki, səni futbolçu edəcəyəm"
23.05.2022 - 14:26
Qurban Qurbanov: "O mənə dedi ki, səni futbolçu edəcəyəm"

“İnsan hər bir peşənin sahibi olmaq üçün onda ilk növbədə bacarıq olmalıdır. Futbola gəlişim idmana olan marağımdan qaynaqlanıb”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbirdə 50 yaşlı mütəxəssis bütün idman növlərində aktiv olduğunu söyləyib: “Dünyada futbola maraq daha böyük olub. Zaqatalada güləşə, cüdoya maraq daha çoxdur. Mən özüm çox az müddət güləş və karate ilə məşğul olmuşam. Amma futbolu da unutmurdum, məktəb yarışlarında oynayırdım. 7-ci sinifdə oxuyanda kəndlər arası futbol çempionatında iştirak etdim. Şaban Şirdanov məni orada görüb bəyəndi və dəvət elədi. Həmin vaxt böyük qardaşım Musa Qurbanov əsgərlikdən gəlmişdi. O mənə dedi ki, səni futbolçu edəcəyəm, futbolçu olmalısan. O özü də futbola gec başladı. Bir yerdə “Daşqın” komandasında məşqlərə getdik. 7-ci sinifdə oxusam da, böyüklərdən fiziki baxımdan fərqlənmirdim. Bir müddət sonra komandanın əsas oyunçularından biri oldum”.

O, ilk rəsmi matçında mərkəz müdafiəçisi kimi çıxış etdiyini deyib: “Qardaşım, məşqçim məndən nə qədər tələb edirdilərsə, mən onlardan daha çox tələb edirdim ki, mənə məşq keçin. Yavaş-yavaş da futbolçu oldum, indi də məşqçi kimi fəaliyyət göstərirəm”.

Qurbanov futbola gəlişinin gözlənilməz olduğunu əlavə edib: “Valideynlərim daha çox təhsilimə fikir verməyimi istəyirdi. 8-ci sinfə qədər əlaçı olmuşam. Amma sonra təhsili yola verməyə başladım. Hədəfimə çatmaq üçün bir düşüncəm var idi ki, futbolda digərlərindən yaxşı olmalıyam. Təəssüf ki, indiki savad o vaxt yox idi. Beləcə yavaş-yavaş futbolçu fəlsəfəsi formalaşdı. Düşünmürdüm ki, futbolçu, sonra məşqçi olacağam. Barselonada olanda “Barselona”nın futbol fəlsəfəsi ilə maraqlandım. Pep Qvardioladan gördüklərimi “Qarabağ”da yeritməyə çalışdım. Pis də alınmır. Topa daha çox sahib olmaq istəyirik. Oradan kiçik qol götürdüm”.

0