Qurban Qurbanov: “Yaxşı futbolçu olmaq üçün Musa kimi qardaşın olmalıdır”
23.05.2022 - 14:50
Qurban Qurbanov: “Yaxşı futbolçu olmaq üçün Musa kimi qardaşın olmalıdır”

“Xeyli müddət AFFA İcraiyyə Komitəsinin üzvü oldum. Bəzi görüşlərdə futbolla bağlı təşəbbüslərim olub”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbirdə çalışdırıcı futbolun inkişafı üçün bir neçə dəfə müraciətlər etdiyini söyləyib: “Təbii ki, təkliflərimiz çox olmalıdır. Mənim düşüncələrimə görə daha da inkişaf etməli və böyük uğurlar qazanmalıyıq. Bunun üçün biz də klub olaraq inkişaf etməliyik. Azərbaycan futbolunda çatışmazlıqlar çoxdur. Təkliflərə və onları düzgün dəyərləndirib həyata keçirməyə ehtiyac var. Bizim ümumi futbola cavabdeh olan insanların kütləviliyinə ehtiyacımız var. Bir yerə toplaşıb nə kimi çatışmazlıqların olduğunu, nə edə biləcəyimizi müzakirə etməliyik. Rəhbərlik səviyyəsində kütləviliyik eləməliyik ki, valideyn övladını futbola göndərəndə onun şəraitinin qaydasında olduğunu bilsin”.

O, qardaşı Musa Qurbanlının üzərində böyük əməyinin olduğunu söyləyib: “Bir dəfə mənə sual vermişdilər ki, yaxşı futbolçu olmaq üçün nə etmək lazımdır? Yarı zarafat, yarı gerçək demişdim ki, yaxşı futbolçu olmaq üçün Musa kimi qardaşın olmalıdır. O, mənim daim məsləhət verənim idi. Hansısa sahədə potensialın ola bilər, amma bunu düzgün yönləndirməyi bacarmalısan. Gənc vaxtlar o qədər səhvlərim olub ki. Düşünürəm ki, bunu etsəydim, bəlkə daha yaxşı futbolçu olardım. Allahdan vergi yoxdursa, futbolçu potensialın yoxdursa, istəyinə çata bilmərsən. Eyni zamanda istək, xarakter də olmalıdır. Məşq eləməkdən qorxmalı deyilik. İdmançı məşq eləməkdən qorxsa, uğur qazana bilməz. İstək və peşəyə sevgi çox önəmlidir. Mən gənc vaxtlarımda, Zaqatalada olanda gün ərzində 4-5 saat məşq edirdim. Həmişə məşqdən ən gec mən çıxırdım. Bu, futbola olan sevgimdən qaynaqlanırdı”.

0