Rəşad Sadıqov: “Bu söhbətlər ya qəsdən edilir, ya da cahillikdən” - MÜSAHİBƏ
27.05.2022 - 22:07
Rəşad Sadıqov: “Bu söhbətlər ya qəsdən edilir, ya da cahillikdən” - MÜSAHİBƏ

“Maraqlı final alındı. Finala layiq oyun oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun “Qarabağ”la final oyunundan sonra deyib.

40 yaşlı mütəxəssis “görüş (1:1, p.3:4) barədə fikirlərini açıqlayıb. O bildirib ki, bir tərəfdə futbolumuzun favoriti, digər tərəfdə istəkli, əzmkar, sona qədər mübarizə aparan komanda var idi: "Oyunda maraqlı hadisələr baş verdi. İlk hissədə rəqibə qol imkanı vermədik və onların səhvini gözlədik. Həmin səhvdən də istifadə elədik. Düşünürəm ki, matçın qırılma anı 1:0 öndə olarkən Şahruddin Məhəmmədəliyevin seyvi oldu. İkinci hissədə rəqib hücuma atıldı. Biz meydanda azlıqda olarkən möhtəşəm qol vurdular. Həmin andan sonra “Qarabağ” daha rahat oynamağa başladı. Oyun artıq döyüşə çevrilmişdi. Futbolçularım sona qədər dözdü, penaltilər seriyasına qədər gətirdilər. “Qarabağ” “Qızıl dubl”a layiq idi. Bu görüş bizim üçün böyük dərs oldu. Qarşılaşmadan əvvəl də uşaqlara deyirdim ki, bəzən potensialınızı bilmirsiniz. Bu oyun bizə dərs oldu ki, böyük komandalara qarşı da oynaya bilərik. Penalti vuran futbolçularımızın zədələnməsi bizim ziyanımıza oldu. Qismət və Təmkin zədələndi. Futbolçularım möhtəşəm mövsüm keçirdi. Titul qazana bilərdik. Ancaq sonluq çox çətin qrafiklə getdi. Bu qrafikdən də maksimum çıxa bildik”.

- Davit Volkovun o cür penalti zərbəsinə necə münasibət bildirərdiz?
- Yaxşı penalti vuran futbolçumuz az idi. Penaltiyə görə futbolçuya qiymət vermək düzgün deyil. Həyəcan olur, 120 dəqiqəlik mübarizədən sonra topa yaxınlaşırsan. “Qarabağ”ın sol cinahı çox güclü idi, Volkov da əziyyət çəkdi.

- Oyundan əvvəl Qurban Qurbanovla dostluğunuz qabardılırdı. Amma meydanda amansız mübarizə getdi. Bu mübarizə həmin söz-söhbətlərə göstəriş idi?
- Futbolumuzda təcrübəli insanam. Danışan insanlar həmişə olub, olacaq da. Biz avrokuboklara ilk dəfə düşəndə danışılırdı ki, “Qarabağ” proyektdir. Bu söhbətləri 15 ildir eşidirəm. Çempionatımızda o qədər şübhəli oyunlar olub ki... İstər hakim qərarı, istər iki klub arasında münasibət. Amma heç biri bizim qədər müzakirə edilməyib. Bu komandalar arasında danışıq həyatı boyu ola bilməz. Ötən il bərabərə qaldıq, “Sumqayıt” üçüncü yeri tutdu. Bu il də heç-heçə etdik. Hətta həmin oyunda qələbə qazanmaq şansımız yox idi. Qalib gəlib, “Neftçi” önünə daha rahat çıxa bilərdik. Bu söhbətlər ya qəsdən edilir, ya da cahillikdən. Mənə xal lazım olmasa, “Qarabağ”ın çempionluq matçı olsa, sona qədər vuruşacağıq. Və ya əksinə olarsa, “Qarabağ” vuruşar. Biz heç vaxt Allahın qədərinə qarşı ola bilmərik. Hansı situasiyada qarşılaşmağımızdan asılı olmayaraq, sona qədər mübarizə aparacağıq.

- Sizi qarşıda Konfrans Liqasında sınaq gözləyir. Baş məşqçi kimi komandanıza Avropa mühitini aşılaya biləcəksiniz?
- Həyatda hər zaman sınaqlar içində olmuşam. Həmişə də bir yolum olub, irəli baxmaq. Uğurlu nəticələrimiz də, səhv etdiyimiz anlar da olub. Müqaviləsi bitən oyunçularımız var, transferlər olacaq. Artıq 10 ildir “Qarabağ”da potensial rəqibləri izləyirik. 2-3 il əvvəl “Yanq Boyz”, “Bazel” kimi rəqiblər olub. Rəqibin kimliyi müəyyən rol oynayır. Amma avrokuboklara yaxşı hazırlaşmaq daha vacibdir. Qurban müəllim əvvəllər həmişə tez toplanışa başlayırdı. Biz də həmin praktikadan istifadə etməyə çalışacağıq.

- Bu mövsümdən özünüz üçün nələri kənara yazdınız?
- Futbolçu keyfiyyəti və ya pul futbolda hər şey deyil. Hər şey olsaydı, “Reyncers” Avropa Liqasının qrupunda olmazdı. Bir çox futbolçumuz əvvəlki klublarında stabil olmayıblar. Keçən il də mövsümü uğurlu başa vurduq. Bu il daha yaxşı nəticə əldə edə bilərdik. Bəlkə də, ikincilik uğrunda yarışa bilərdik. “Neftçi”yə son dəqiqə qolu buraxdıq, “Qəbələ” önünə yorğun çıxdıq. Müasir futbolda inanmaq, döyüşkənlik böyük rol oynayır. Təbii ki, daha keyfiyyətli oyunçularla rotasiyalar edə bilərsən, fərqli işlər görə bilərsən. Ancaq karyeradan çox çalışmaq önəmlidir. İkinci dövrədən rəqiblər bizə qarşı fərqli oynayırdılar. Bu mərhələdə keyfiyyətimizi də mütləq artırmalıyıq.

- Hansı mövqelərin güclənməsinə ehtiyac var?
- Konkret mövqe düşünməmişik, amma 4-5 keyfiyyətli futbolçu almaq istəyirik.

- Mükafatlandırmadan əvvəl “Qarabağ”ın azarkeşləri sizi çağırdı, onlara qarşılıq verdiniz. Bu, finalda uduzan baş məşqçiyə nə dərəcədə təsəlli oldu?
- “Qarabağ” azarkeşlərinin həyatımda, karyeramda yerləri başqadır. Bu sevgini bu gün də göstərmələri qürurvericidir. Bu, hər bir futbolçu üçün xoş olar.

- Rəhbərlik işinizdən razıdır və büdcə artımı nəzərdə tutulub?
- Bizim rəhbərlik danışmaqdan çox işləməyə üstünlük verir. Daim yanımızdadırlar, dəstəkləyirlər. Məni bu klubda işləməyə motivasiya edən rəhbərliyimiz, azarkeşlərimizdir. Növbəti mövsümün büdcəsi hələ müəyyənləşməyib. Amma bu gün futbola pul ayırmaq asan məsələ deyil. Bu insanları daha da dəstəkləməliyik ki, motivasiyalı olsunlar.

- Yerli futbolçu transferi ilə bağlı hansı işlər görüləcək?
- Azərbaycan transfer bazarı ən problemli məqamdır. Maraqlandığımız futbolçular var. Amma çoxunun müqaviləsi davam edir. Mənim üçün vacib olan yaş yox, işə yanaşmadır. Kimlərin gedəcəyinə qarşıdakı günlərdə aydınlıq gələcək. Hələ heç kimlə bu barədə danışıq aparmırdım. Yəqin ki, 4-5 gün ərzində bununla məşğul olacağıq.

- “Zirə” “Qarabağ”a demək olar ki, qol imkanı vermədi. Bunun fonunda məğlubiyyətin sizə xüsusi təsiri oldu? 
- Zubirin qoluna qədər qol imkanı vermirdik. Qismət Alıyev kənarda olduğu anda o qol vurdu. Builki “Qarabağ” fərqlidir. Onlara boşluq vermək olmaz. Qurban müəllimin digər məşqçilərdən fərqi ondadır ki, futbol inkişaf etdikcə, o da inkişaf edir. Təbii ki, uduzmağımız üzücüdür. Sonda Ramil Şeydayevin təhlükəli epizodu oldu. Qol epizodları da futbolun bir hissəsidir.

- Təmkin Xəlilzadənin əvəzinə meydana daxil olan Sərtan Taşkın penaltini vura bilmədi. Bu əvəzləməyə görə üzülmədiniz?
- Təmkin birinci hissədə əvəzlənməyini istədi. Amma həkimlərlə danışdıq ki, 10-15 dəqiqə də saxlayaq. Fasilədən sonra əvəzləməli olduq. Hücumameylli oyunçu buraxa bilməzdik. Təhlükəli hücumlarımız da oldu. Volkovun asmasına Keyta toxuna bilmədi. Komandamın penalti vuran 3 oyunçusundan ikisini məcburiyyətdən əvəzlədik. Qələbənin bir addımlığında idik, olmadı. Bugünkü məğlubiyyətimiz qələbəyə bərabərdir. Bundan düzgün nəticə çıxarmaq lazımdır. Futbolçularım da inandılar ki, onlara dediyim sözləri sırf motivasiya olsun deyə demirdim. Bunu növbəti mövsüm də davam etdirmək istəyirik.

0