Millətlər Liqasının III turunda Azərbaycan millisinin qonağı olacaq Slovakiya yığması baş məşqçisiz qalıb.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Ştefan Tarkoviç istefaya göndərilib.
Buna səbəb kimi, C liqasının III qrupunda yer alan komandanın bir gün əvvəl öz meydanında Qazaxıstana (0:1) məğlub olması göstərilib. Bildirilib ki, Slovakiya Futbol Assosiasiyasının İcraiyyə Komitəsinin növbədənkənar iclasında çalışdırıcı ilə yolların ayrılması qərara alınıb. Bu isə o deməkdir ki, slovaklar Azərbaycan və Qazaxıstan səfərinə baş məşqçisiz yollanacaq.
Qeyd edək ki, Slovakiya iyunun 10-da Azərbaycan, 13-də isə Qazaxıstanın qonağı olacaq.