Tahir Gözəl: “Neftçi"yə qarşı matçı yoldaşlıq oyunu kimi görürdüm”
21.05.2022 - 22:29
Tahir Gözəl: “Neftçi"yə qarşı matçı yoldaşlıq oyunu kimi görürdüm”

“9-cu çempionluğumuzdur. Çox sevinirəm, sevincliyəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Premyer Liqanın 2021/22 mövsümünün mükafatlandırmasından sonra jurnalistlərə açıqlama verən klub rəhbəri hisslərini bölüşüb: “Neftçi"yə qarşı matçı da yoldaşlıq oyunu kimi görürdəm. Onsuz da nəticə heç bir fərq etməyəcəkdi”.

Gözəl mükafatlandırma mərasiminə medal alan klubun şəhid olmuş azarkeşi Məhəmməd İbrahimlinin atası ilə tanışlıqdan danışıb: “Şəhidin atası Mütəllim müəllimlə tanış olmaq çox mənəvi bir hadisə oldu. Onun gözündəki müqəddəs işıq mənə çox təsir etdi. Həm sevincliyəm, həm də onun kədərini bölüşdüm. Çox unudulmaz bir gün oldu. Gözəl bir insanla tanış oldum”.

Klub prezidenti çempionatın mükafatını qazanan bütün komandaları təbrik edib: “Üç klubumuz – “Neftçi”miz, “Zirə”miz, “Qarabağ”ımız Avropaya yaxşı hazırlaşsınlar. Hər biri, hamısı bizimdir, hamısı doğmadır. Rəşad doğma insandır. “Zirə” komandasına uğurlar arzulayıram. Bütün komandaları təbrik edirəm. Xoş arzularla”.

Gözəl komanda ilə bağlı iki arzusunu açıqlayıb: “Qarabağ”ın təcrübəsi artır. Çempionlar Liqasında oynayacağımızı hiss edirik. Bu gün “Qarabağ”ın artıq ləzzətli oyun tərzi var. Qurban Qurbanovun zəhmətinin bəhrəsini ötürmələrdə görürük. Bu enerji ilə 10-cu qələbəmizi, formamızın üzərində 2-ci ulduzu səbirsizliklə gözləyirəm. O da bir tarix olsun və Çempionlar Liqasının qrupuna düşmək”.

Klub rəhbəri transferlər barədə danışıb: “Bu barədə baş məşqçi ilə danışmışıq. Öz oyunçularımız var. Onların getmək, yoxsa qalmaq istəməyini müzakirə etdik. Əlimizdən gələn qədər klubu gücləndirməyə çalışırıq. Axtarırıq. Məndə bir-iki futbolçunun adı var. Onlar üzərində işləyirik. Hazır olanda təqdim edəcəyik. Bir klub kimi baş məşqçinin istəklərinə cavab verməyə hazırıq”.

0