Vaqif Cavadov: “Rəşadın məşqçi kimi ilk titulunu qazanmasını istərdim”
26.05.2022 - 16:05
Vaqif Cavadov: “Rəşadın məşqçi kimi ilk titulunu qazanmasını istərdim”

Sabah Azərbaycan kubokunun final oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Qəbələdə baş tutacaq həlledici qarşılaşmada “Qarabağ”la “Zirə” üz-üzə gələcək.

Ağdam klubunun sabiq futbolçusu Vaqif Cavadov Premyer Liqanın qızıl və bürünc mükafatçılarının duelini dəyərləndirib. O, sabiq komanda yoldaşı Rəşad Sadıqovun kubokun qazanmasını arzuladığını gizlətməyib:

“Bizi maraqlı final gözləyir. Hər iki komanda bu mövsüm uğurlu oyunu ilə finala layiq olduğunu göstərib. Qurban Qurbanovla Rəşad Sadıqovun dueli finala əlavə rəng qatacaq. Bir çox amil bu görüşə marağı artırır. Buna bir oyundan ibarət çempionluq oyunu da demək olar.

“Qarabağ”a qarşı açıq futbol oynamaq çətin olar. “Qarabağ”ın Premyer Liqada bütün rəqiblərindən aşkar güclü olduğunu hamı gördü. Onlarla çempionatda rəqabət aparmaq çətindir. Amma kubok bir oyundan ibarət olduğundan, hər şey ola bilər.

Yəqin ki, Rəşad Sadıqov həm rəqibə, həm də əlindəki oyunçuların durumuna uyğun taktika quracaq. Hər iki komandaya azarkeşlik edirəm. Ancaq Rəşadın məşqçi kimi ilk titulunu qazanmasını istərdim. Çempionatda yaxşı çıxışı ilə göstərdi ki, gələn mövsüm daha iddialı olacaqlar.

Bu cütlükdə favoritim “Qarabağ”dır”.

Qeyd edək ki, “Qarabağ” – “Zirə” matçı saat 19:00-da başlayacaq.
 

0