[b]“Komandamız qəhrəmanlıq göstərdi” - baş məşqçi[/b]
16.04.2018 - 16:01
[b]“Komandamız qəhrəmanlıq göstərdi”  - baş məşqçi[/b]

Gənc taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayevin apasport.az saytına müsahibəsi

 

- Yığmamız Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına 1 lisenziya qazandı. Halbuki, medal sayı 4 ola bilərdi. Maksimum vəsiqə əldə etməyə nə mane oldu?

- Lisenziya yarışlarında əsas liderlərimiz bir az şanssızlıqla üzləşdilər. Sonradan dünya çempionu olan Cavad Ağayev bu yarışda italiyalıya uduzdu. Əslində sonradan dünya çempionu olan bu taekvondoçu “səkkizlik”də yer aldı. Hər çəkidə sona qalan 8 idmançı isə birbaşa Olimpiadaya lisenziya əldə edir. Amma ev sahibi Argentina Cavadın çəkisində, yəni 63 kq çəki dərəcəsinə bir idmançı əlavə sifariş etdiyi üçün lisenziya məhz onlara verildi. Digər idmançılarımız da bir az şanssızlıqla üzləşdi. Xanoğlan Kərimov son saniyələrdə koreyalı rəqibindən başa zərbə buraxıb, məğlub oldu. Minayə Əkbərova (44 kq) Olimpiada lisenziya əldə etdi və bu da bizi sevindirir. Ardınca dünya çempionatında da uğurlu çıxış etdik. Nəticələr də bir daha göstərdi ki, komanda yüksək səviyyədə hazırlıq keçib.

 

- Dünya çempionatı Azərbaycan üçün daha uğurlu alındı. Taekvondoçularımız 1 qızıl və 1 gümüş medala sahib oldular. Yetirmələrinizin mundialdakı çıxışını necə qiymətləndirərdiz?

- Komandamız həqiqətən də qəhrəmanlıq göstərdi. Cavad Ağayevin dünya çempionu olması bir daha onu sübut elədi ki, lisenziya alası idmançı idi. “Qızıl”a gedən yolun son addımında da məhz lisenziya yarışında məğlub olduğu italiyalıya qalib gəldi. “Ölüm qrupu”ndan gələrək, gözəl 6 görüş keçirdi və birinci yeri tutdu. Xanoğlan Kərimov da finaladək gərgin mübarizələrdə üstün oldu. Həlledici qarşılaşmada da iranlı idmançıya qalib gəldiyi halda, sadəcə rəqibin təzyiqinə dözə bilmədi. Bir qədər təcrübəsi də çatmadı. Onun da medalını “qızıl” kimi qiymətləndirmək lazımdı. Çünki gənc perspektivli taekvondoçudu və dünya birinciliyində finala çıxmaq hər kəsə nəsib olmur.

 

- Dünya çempionumuz Cavad Ağayevin mundialda italiyalı rəqibindən revanş aldığını dediz. Bəs lisenziya turnirində qalib gələ bilməməsinə nə səbəb oldu?

- Cavad vəsiqə üçün italiyalıya qədər çox ağır döyüşlər keçirdi. Yəni bədən təzyiqi aşağı düşdü. Amma italiyalı ilə görüşə rahat çıxdı. Bəlkə də lazımınca qiymətləndirmədi. İtaliyalı isə Ağayevə qarşı daha yaxşı hazırlaşmışdı. Cavadın döyüşü də alınmadı. Amma həmin qarşılaşma 10 dəqiqə sonra yenidən başlasaydı, yetirməm bəlkə də qalib gələrdi. Həmin gün onun günü deyildi. Amma dünya birinciliyinin finalında həmin italiyalı üzərində inamlı qələbə qazandı və ondan güclü olduğunu sübut etdi.

 

- Kərimovla Ağayevin dünya birinciliyində finala yüksəlməsini əvvəlcədən gözləyirdizmi? Yoxsa onlar sürpriz edib, müvafiq olaraq, gümüş və qızıl medal qazandılar?

- Lisenziya turnirindəki və dünya birinciliyindəki heyətimiz çox güclü idi. Ən yaxşı gənc idmançılarımızdan formalaşmışdı.

 

- Onda digərlərinin fəxri kürsüyə qalxa bilməməsi nə ilə bağlıdı?

- Proqnoz verməmişdik. Əsas məqsədimiz lisenziyalar qazanmaq idi. Onlar da şanssızlıqdan bunu bacarmadılar. Uşaqları qınamaq da düzgün deyil. Onlar əlindən gələni etdilər. Hətta 3 raundu bərabər gəlib, son hissədə yekuna 1 saniyə qalmış başa zərbə buraxması da bəxtsizlikdi, deyərdim.

 

- Oğlanlardan ibarət komandamız 120 ölkə arasında 5-ci oldu. Bu Azərbaycan taekvondosunun gücüdü, yoxsa daha yuxarı da qalxmaq mümkündü?

- Biz mundaiala 6 oğlan taekvondoçu ilə yollanmışdıq. Tam heyət olsaydıq, aktivimizə həm püşkatmada, həm çəki dərəcəsində də əlavə xallar yazdırardıq. Çünki hər birini keçdikcə, 10 xala sahib olardıq. Çempion adına yiyələnən isə İran, Koreya və Türkiyə ilə yanaşı, Azərbaycan oldu. Bunu digər ölkələr bacarmadı.

 

- Oğlanlardan ibarət millimizlə müqayisədə, qız taekvondoçularımızın medal qazana bilməməsinin səbəbi nə oldu?

- Yarışın keçirildiyi Tunisdə 3 qız idmançımız dayanq üzərinə çıxdı. Onlardan Sevda Pirsetidova (49 kq) həm lisenziya, həm də dünya çempionatında eyni idmançı – vyetnamlı dünya çempionu ilə qarşılaşdı. İdman dili ilə desək, püşkdə bəxti gətirmədi. Sahar Karqhar (52 kq) da həmçinin. Lisenziya qazanan Minayə Əkbərova (44 kq) isə dünya birinciliyində özünü bərpa edə bilmədi və məğlub oldu.

 

- Olimpiya Oyunlarına hazırlıq necə keçəcək? Qarşıdakı planlarınız necədi?

- 10-15 günlük istirahətdən sonra yenidən məşqləri bərpa edəcəyik. Cavad Ağayevlə bağlı ümidlərimizi üzmürük. “Səkkizlik”də olduğu üçün Olimpiya Oyunlarında iştirakına icazə - lisenziya verilə bilər. Sadəcə, hazır olmaq lazımdı. Çünki ötən Olimpiadada belə şeylə rastlaşmışdıq. İdmançımızın qarşısına sürpriz iranlı rəqib çıxdı ki, hansı ki, lisenziya əldə etməmişdi. Hansısa taekvondoçu imtina etmişdi və o da onu əvəzləmişdi. Bu səbəbdən Ağayevi də Olimpiya komandamızın heyətinə cəlb edəcəyik. O, həqiqətən də Oyunların qalibi olmaq gücündədi. Minayə Əkbərova da hazırlığını davam etdirəcək. Sınaqçı idmançılar da seçəcəyik ki, həm bunlara kömək etsinlər, həm də özləri irəli getsinlər. 

0