Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 29 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı Peru yığması haqqında olacaq.
Peru yığmasının 26 il sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanması dramatik olduğu qədər, həm də gözlənilməz idi. Təsnifat mərhələsinin ortalarına doğru nəticələr Perunun növbəti dəfə uğursuzluğa düçar olacağını göstərirdi. Ancaq son period hər şey birdən-birə dəyişdi. Uğurlu nəticələrlə yanaşı, əsas rəqiblərin xal itkiləri ilə boğuşması sonda Rikardo Qarekanın yetirmələrinin Cənubi Amerika zonası üzrə 5-ci olub, Yeni Zelandiya ilə əlavə təsnifat matçı oynamasına gətirib çıxardı.
DÇ-2018-ə aparan yol: Həlledici məqamlar
2016-cı il, sentyabr
Boliviya səfərindəki 3:0 hesablı qələbə Perunun 12 ildən sora komandanın təsnifat mərhələləri çərçivəsində səfərdə qazandığı ilk qələbə kimi tarixə düşdü.
2017-ci il, sentyabr
Doğma meydanda Peru ikinci hissədə Flores və Kuevanın vurduğu qollar iki top fərqli üstünlük əldə etsə də, buraxılan qol və son anlarda Boliviyanın real qol imkanını qaçırması şans əsəri qazanılan 3 xalın müjdəçisi idi. Beş gündən sonra Peru növbəti qələbəsini Ekvador qarşısında qazandı. Bu, “ağ-qırmızılar”ın ardıcıl üçüncü 3 xalı idi.
2017-ci il, oktyabr
Paolo Qerreronun sona 15 dəqiqə qalmış vurduğu qol yekunda komandanın nəinki məğlubiyyətdən qurtarır, həmçinin Rusiyaya “bilet” əldə etmək üçün əlavə təsnifat oyunu oynamaq anlamına gəlirdi. Çilinin Braziliyaya, Paraqvayın isə Venesuelaya uduzması yekunda Perunun işinə yaramışdı.
2017-ci il, noyabr
Yeni Zelandiya səfərində qeydə alınan qolsuz bərabərliyi uğurlu nəticə saymaq olardı. Beş gün sonra isə doğma meydanda lazımi vəsiqə təmin olundu – 2:0.
Dünya çempionatına hazırlıq
Peru yığması mundiala hazırlıq məqsədilə 5 yoldaşlıq görüşü planlaşdırıb. Onlardan artıq ikisi geridə qalıb. Cənubi amerikalılar həm Xorvatiya (2:0), həm İslandiya (3:1) üzərində qələbəyə seviniblər. İrəlidə isə onları Şotlandiya, Səudiyyə Ərəbistanı və İsveçlə cavab oyunları gözləyir.
Dünya çempionatında
Peru millisi dünya çempionatında Fransa, Danimarka və Avstraliya yığma komandaları ilə birlikdə C qrupunda mübarizə aparacaq. Peru mundialdakı ilk matçına Danimarka qarşısında çıxacaq. Növbəti rəqib qrupun favoriti Fransa olacaq. Nəhayət, Peru qrup mərhələsində Avstraliya qarşısında yekun vuracaq.
Baş məşqçi
Rikardo Qareka: 60 yaş (10.02.1958)
Rikardo Qareka 2015-ci ilin fevral ayında Peru millisinə baş məşqçi təyin olunub. Amerika kubokundan öncə autsayderlər sırasında göstərilməsinə baxmayaraq, onun rəhbərliyi altında “ağ-qırmızılar” uğurlu çıxış edərək, yarımfinala qədər irəliləməyi bacardılar. 60 yaşlı mütəxəssis “Veles Sarsfild”in baş məşqçisi kimi 3 dəfə Argentina çempionatının qalibi adını qazanıb.
Peru
FİFA sıralaması: 11-ci yer
Dünya çempionatlarında iştirak sayı: 4 (1930, 1970, 1978, 1982)
Dünya çempionatlarında oyun sayı: 15 (4 qələbə, 3 heç-heçə, 8 məğlubiyyət)
Vurulan-buraxılan qol sayı: 19-31
Ən yaxşı nəticə: 1/4 final (1970)
Dünya çempionatlarında ən çox oyun keçirən perulu futbolçu: Teofilo Kubilyas – 13 oyun (1970, 1978, 1982)
Dünya çempionatlarında ən çox qol vuran perulu futbolçu: Teofilo Kubilyas – 10 qol (1970 (5), 1978 (5) )
Dünya çempionatı
Qrup mərhələsi
C qrupu
16 iyun
20:00. Peru – Danimarka
“Mordovia Arena”, Saransk
21 iyun
19:00. Fransa - Peru
“Yekaterinburq Arena”, Yekaterinburq
26 iyun
18:00. Avstraliya - Peru
“Fişt”, Soçi
İştirak ərizəsi
Qapıçılar: Pedro Qalyese (“Verakrus”), Karlos Kaseda (“Deportivo Munisipal”), Xose Karvalyo (“UT de Kaxamarka”)
Müdafiəçilər: Luis Abram (“Veles Sarsfild”), Luis Advinkula (“Lobos”), Migel Arauxo (“Alyansa Lima”), Aldo Korso (“Universitario Deportes”), Nilson Layola (“Melqar”), Kristian Ramos (“Verakrus”), Alberto Rodrigez (“Sportinq Kristal”), Anderson Santamariya (“Puebla”), Migel Trauko (“Flamenqo”)
Yarımmüdafiəçilər: Pedro Akino (“Lobos”), Vilder Kartaxena (“Verakrus”), Kristian Kueva (“San Paulu”), Edison Flores (“Olborq”), Serxio Penya Flores (“Qranada”), Renaro Tapiya (“Feyenord”), Yosimar Yotun (“Orlando Siti”)
Hücumçu: Paolo Urtado (“Vitoriya Gimaraeş”), Endi Polo (“Portlend Timbers”), Andre Karrilyo (“Uotford”), Raul Ruidias (“Moreliya”), Cefferson Farfan (“Lokomotiv”)
- Milli Olimpiya Komitəsində federasiya nümayəndələri üçün seminar keçirilib
- Azərbaycan fiqurlu konkisürəni İtaliyadakı turnirdə üçüncü olub
- Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyinə start verilib
- İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib